Qadin.NET / Azərbaycanda 631 həkim işə imtahanla qəbul olunub

Azərbaycanda 631 həkim işə imtahanla qəbul olunub

 

 

Bu il Azərbaycanda 631 həkim mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanının nəticələri əsasında işə qəbul olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov 2014-cü ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, respublikanın bəzi regionlarında orta tibb kadrlarına olan yüksək tələbatı nəzərə alaraq yeni yaradılmış Cəlilabad, Quba və Saatlı tibb kollecləri 2014/2015-ci tədris ilindən fəaliyyətə başlayıb. Hesabat ilində 42 rəhbər vəzifəyə yeni kadr təyin olunub.

G.Poladov bildirib ki, informasiya texnologiya infrastrukturunun inkişaf etdirilməsi, elektron proqramlarının tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması nazirliyin prioritet istiqamətlərdən biri olub. Hesabat ilində digər dövlət qurumları ilə informasiya mübadilələrinin inkişafı məqsədilə 5 rəsmi statistik forma və tibbi arayış tam elektronlaşdırılaraq 500-dən çox tibb müəssisəsində tətbiq edilib. Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində yaradılmış “Elektron xidmətlər” bölməsində 28 elektron xidmət artıq fəaliyyət göstərir.

Dövlət proqramlarına uyğun olaraq müxtəlif xəstəliklər üzrə 16 tibbi elektron registr yaradılıb.

Mənbə:Trend.Az

2 yanvar 2015
GO BACK