Son 10 ildə Azərbaycanda talassemiyadan ölüm göstəricisi 5, hemofiliyadan ölüm göstəricisi isə təxminən 2 dəfə azalıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov 2014-cü ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2009-cu ildə 19,6 ton qan tədarük edilibsə, 2014-cü ildə isə bu rəqəm 33 tona çatdırılıb. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir.
G.Poladov bildirib ki, indi Azərbaycanda birgünlük körpə üzərində də açıq ürək əməliyyatı aparmaq mümkündür. Yalnız 2014-cü ildə Səhiyyə Nazirliyinin tabeçiliyində olan müəssisələrdə 1684-dən çox açıq ürək əməliyyatı icra olunub.
Nazirlik səlahiyyətlisi qeyd edib ki, vərəmli xəstələrin aktiv müalicəyə cəlb olunması, genişmiqyaslı profilaktik tədbirlərin görülməsi, bu xəstələrin birinci və ikinci sıra dərman preparatları ilə tam təmin olunması nəticəsində epidemioloji vəziyyətin stabilləşməsinə nail olunub. Hətta ötən illə müqayisədə bu il ilkin xəstələnmə təxminən 8% azalıb: “Bu xəstəlikdən ölüm hallarının sayı da azalıb. Hətta son illər ərzində respublikada dərmanlara davamlı vərəmlə xəstələnmə səviyyəsi də aşağı enib”.
Mənbə:Trend.Az