Qadin.NET / Azərbaycanda noutbuk arxasında oturanlar ürəklərinin vəziyyətini nəzarətdə saxlaya biləcəklər

Azərbaycanda noutbuk arxasında oturanlar ürəklərinin vəziyyətini nəzarətdə saxlaya biləcəklər

 

Azərbaycanda noutbuk arxasında oturanlar ürəklərinin vəziyyətini nəzarətdə saxlaya biləcəklər

 

Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutu ürək-damar sisteminin noutbuklar vasitəsi ilə monitorinqi sistemini yaradıb.

Artıq sistem klinik şəraitdə uğurla sınaqdan keçib. Bu barədə Trend-ə məlumat verən institutun direktoru Telman Əliyev bildirib ki, ürək-damar sisteminin smartfonlar vasitəsi ilə monitorinqinin aparılması da bu yeni sistemin tərkib hissəsidir. Sistem noutbuk vasitəsi ilə klinikalarda tətbiq edildikdən sonra onun digər analoq formada - smartfonla da reallaşdırılması asan olacaq.

T.Əliyev deyib ki, monitorinq sisteminin işləməsi üçün insan bədənin həkim tərəfindən müəyyənləşdirilmiş yerinə xüsusi kiçik mikrofon quraşdırılır. Həmin mikrofondan sıqnallar xüsusi proqram yazılmış noutbuklara ötürülür və onlar analiz edilir.

İnstitut direktoru qeyd edib ki, sistem şəxsin xəstəliyinə diaqnoz qoymur. O, yalnız insanın vəziyyətini nəzarətdə saxlayır və onun həkimə müraciət edib-etməməsi zərurətinin olub-olmadığını bildirir: “Əgər kiminsə ürək-damar sistemində problem varsa və yaxud heç yoxdursa, amma bunu nəzarətdə saxlamaq istəyirsə, onun bədənin müəyyən hissəsinə mikrofon qoyulur. İnsan hərəkətdə olarkən və ya oturub işləyərkən mikrofon onun ürəyinin küyünü radio siqnallarla noutbuka ötürür. Sonra həmin adam üçün müəyyən vaxtlardan bir noutbukda etolonlar yaranır. Yeni etolonlar əvvəlki günlərlərin etolonları ilə müqayisə olunur. Fərz edək ki, 10 gün etolon yarandı, 15-cü gün fərqli etolon əmələ gələndə noutbukun ekranında həmin şəxsin ürəyinin vəziyyətinin etolondan fərqli olduğu yazılır və ona həkimə müraciət etmək tövsiyə olunur. Əgər həmin adam həkimə müraciət etdikdə həkim ona vəziyyətinin normal olduğunu desə, o da yeni etolon kimi noutbuka daxil olunacaq. Beləliklə, sistem imkan verəcək ki, adam həmişə öz ürəyinə nəzarət etsin”.

T.Əliyev deyib ki, sistemin özünün təlim vaxtı və istismar müddəti var. Sistemin təlim müddəti təxminən 10-15 gündür. Hazırda bu sistemin işləməsi üçün noutbukun işləməsi, yəni açıq olması lazımdır. Bundan əlavə, hazırda sistemin işləməsi üçün insan noutbuka yaxın məsafədə olmalıdır: “Amma gələcəkdə buna ehtiyac olmayacaq. Hələlik sistem noutbuk işləyən vaxtlarda xəstənin bədənindən gələn siqnalları qəbul edir və etolonları yaradaraq müqayisəsini aparır. Bundan əlavə, gələcəkdə insan noutbukda yaxın olmaya da bilər”.

Onun sözlərinə görə, artıq sistemlə bir çox xarici şirkətlər - Türkiyənin "AKGUN Software", İtaliyanın EXPRYVIA, Böyük Britaniyanın “MTİ-Ventures” şirkətləri, eləcə də Azərbaycan Türk İşadamları Beynəlxalq Cəmiyyəti maraqlanıb və onlar həmin sistemi müxtəlif klinikalarda tətbiq etmək niyyətindədirlər.

Mənbə:Trend.Az

2 yanvar 2015
GO BACK