Bir müddət öncə qəzetimizdə Azərbaycanda 35 və yuxarı yaşda ailə quranların sayı ilə bağlı yazı dərc olunmuşdu.
Bu yazımızda isə boşanmaların ən çox hansı yaş qruplarında qeydə alındığını aydınlaşdırmağa çalışacağıq. Dövlət Statistika Komitəsi 2013-cü ildə nikahın davametmə müddətinə və boşananların yaş qruplarına görə statistikanı açıqlayıb. Qurum bildirir ki, həmin ildə Azərbaycanda 11 min 730 boşanma faktı qeydə alınıb. Statistikadan belə aydın olur ki, ölkəmizdə boşanmalar ən çox evlilik müddəti 1-5 il davam edənlər arasında qeydə alınıb. Belə ki, ötən il 4331 bu cür boşanma baş verib.
Ən çox boşananlar arasında ikinci yerdə evlilik müddəti 5-9 il olanlar gəlir - 3322 boşanma faktı. El dili ilə desək, 10-19 il “bir balınca baş qoyanlar” arasında da boşanmalar az deyil. Belə ki, təkcə 2013-cü ildə ölkəmizdə 2276 belə boşanma qeydə alınıb. Boşananlar arasında sonuncu yerdə evlilik müddəti 20 il və daha çox olanlar gəlir - 1801 boşanma.
50-54 yaşında boşananlar
İndi isə keçək boşananların yaş qrupuna. Yəqin çoxunuza maraqlıdır ki, boşanmalar ən çox kişilər və qadınlar arasında hansı yaşlarda yaşanır. Dövlət Statistika Komitəsindən aldığımız məlumatlar göstərir ki, ailəsi dağılmış kişilər arasında ən çox 30-34 yaşlılar olublar - 2830. İkinci yerdə 25-29 yaş arası kişilər gəlirlər - 2481 boşanma. Ailəsi dağılanlar arasında üçüncü yerdə 35-39 yaşlı kişilər gəlir - 1846 boşanma. Boşananlar arasında 40-44 yaşlılar da çoxdur - 1360 fakt. Çox qəribədir ki, 50-54 yaşlı kişilər arasında da ailəsini başsız qoyan kişilər kifayət qədərdir - 862 boşanma. Ötən il ailəsi dağılan 20-24 yaşlı gənc oğlanların sayı isə 711 nəfər olub.
Ailəsi dağılma faktı isə ən az 18 və 19 yaşlı gənclərdə qeydə alınıb - müvafiq olaraq 3 və 6 boşanma.
Yolları ayrılan qocalar
Qadınlar arasında isə ailəsi dağılanlar ən çox 25-29 yaşlılar olub. Statistika Komitəsindən aldığımız məlumata görə, bu yaşda xanımlar arasında ailə başçısından ayrılanların sayı 2968 nəfərdir. Növbəti yerdə isə 30-34 yaşlı qadınlar gəlirlər - 2334 nəfər. Üçüncü yerdə 20-24 yaşlı xanımlar gəlir - 1640 nəfər. 35-39 yaşlı xanımlar bu arzuolunmayan siyahıda dördüncü yerdə (1617 boşanma), 40-44 yaşlı xanımlar beşinci yerdə (1115 boşanma) qərarlaşıblar. Ailə başçısı ilə yola getməyib yollarını ayıran 45-49 yaşlı xanımların sayı isə ötən il 885 nəfər olub. Ötən il 50-54 yaşlarında boşanan xanımların sayı 621 nəfər, 55-59 yaşlıların sayı isə 242 nəfər olub.
Statistika göstərir ki, Azərbaycanda hətta 60, 65, 70 yaşlarında da boşananlar var. Məsələn, ötən il 60 və yuxarı yaşda boşananların sayı 162 nəfər təşkil edib. Ailəsi dağılma faktı isə ən az 18 və 19 yaşlı xanımlarda qeydə alınıb - müvafiq olaraq 31 və 112 boşanma.
“Qeyri-müəyyən” hərəkətlər tərəfləri hər gün yeni bir sual qarşısında qoyur”
Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən “Ailəm” jurnalının redaktoru Aydın Ucal dedi: “Əksər müşahidələr boşanmaların ən çox ilk uşaqdan sonra baş verdiyini göstərir. Çünki ilk uşaqdan sonra evlilikdə müəyyən problemlər meydana çıxır. “Qeyri-sabit” və ya “qeyri-müəyyən” hərəkətlər tərəfləri hər gün yeni bir sual qarşısında qoyur. Halbuki evliliyin bütün dövrlərində olduğu kimi, bu dövr də böyük həssaslıq tələb edir”.
Onun sözlərinə görə, evliliyin ilk illərində təcrübəsiz olduqları üçün bəziləri ilk mərhələdə bir-birilərinə lazım olan diqqəti göstərə bilmirlər: “Ancaq zaman keçdikcə tərəflər “həyat yoldaşı” vəzifəsini mənimsədikləri üçün bu problemlər öz-özlüyünə aradan qalxır. İlk uşaq dünyaya gəldikdən sonra isə yeni təcrübəsiz bir mərhələ başlayır. “Həyat yoldaşı” vəzifəsinə yeni uyğunlaşmış tərəflər uşaqları dünyaya gəldikdən sonra “analıq” və ya “atalıq” vəzifəsini də ifa etməyə başlayırlar. Bu isə özünü birbaşa büruzə verməsə də, tərəflərdə bəzi problemlərə səbəb olur”.
“İkinci plana keçən” tərəflər xoşbəxt ailə kimi görünməyə çalışsalar da...
”Ailəm” jurnalının redaktoru deyir ki, tərəflər, ilk növbədə, “analıq” və ya “atalıq” vəzifəsini ifa etməyə çalışdıqları üçün çox vaxt “həyat yoldaşı” vəzifəsini unudurlar: “Nəticədə, bir-biriləri üçün “ikinci plana keçən” tərəflər xoşbəxt ailə kimi görünməyə çalışsalar da, bir qədər sonra münaqişələr başlayır. Gələcəkdə bu münaqişələr tərəfləri boşanmaya qədər aparıb çıxarır. Buna görə də, nə olursa-olsun, tərəflər həyat yoldaşı olduqlarını unutmamalı, xüsusilə, yeni evlənmiş və ya uşaq gözləyən tərəflər həm özlərini, həm də həyat yoldaşlarını yeni körpə üçün hazırlamalıdırlar. Əks halda, problemlərdən xilas olmaq mümkün olmaya da bilər”.
Mənbə:Milli.Az