Qadin.NET / Dövlət qulluqçularına xoş xəbər

Dövlət qulluqçularına xoş xəbər

 

Azərbaycanda dövlət qulluqçularının attestasiyası qaydaları dəyişdirildi
Bundan sonra attestasiya zamanı dövlət qulluqçularına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi qadağan olunacaq.Trend xəbər verir ki, bununla bağlı məsələ bu gün Milli Məclisdə müzakirə edilən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərdə nəzərdə tutulur.
Qanunun 31.6-cı maddəsinə edilən dəyişikliyə görə, bundan sonra attestasiya zamanı dövlət qulluqçularına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan suallar verilə bilməz.
Qanunun 31.5-ci maddəsinə də dəyişiklik edilib. Bu maddənin yenilənmiş variantına görə, attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və bu qanunun 31.6-cı maddəsində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına ən geci 1 ay qalmış attestasiyadan keçən dövlət qulluqçularının nəzərinə çatdırılır.
“Dövlət qulluğu haqqında” qanunun 31.16-cı maddəsinə edilən digər dəyişikliyə görə attestasiya vərəqələrinə attestasiyanın nəticələri (qiymət və tövsiyələr) ilə yanaşı, attestasiya zamanı verilən suallar və cavablar da yazılacaq.
Qanuna əlavə edilmiş 31.22-ci maddədə isə bildirilir ki, dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydaları icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Dəyişikliklər müzakirələrdən sonra təsdiq edilib

Mənbə:Milli.Az

 

31 dekabr 2014
GO BACK