Azərbaycanda sistemli preventiv tədbirlərin görülməsi nəticəsində bu günə qədər ölkə üzrə ümumilikdə 589, 2014-cü ildə isə 15 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu tədbirlər Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində reallaşıb.
Hazırda Azərbaycanda fəaliyyət göstərən 42 dövlət uşaq müəssisəsində 9903 şagird təlim-tərbiyə alır. Onlardan 3548 nəfər həmin müəssisələrdə gecələyir.
2013-2014-cü tədris ilində dövlət uşaq müəssisələrini 716 nəfər məzun bitirib. Onlardan 48 nəfər ali məktəblərə, 29 nəfər orta ixtisas, 91 nəfər isə ilk peşə-ixtisas təhsili müəssisələrinə daxil olub.
Son beş ildə uşaq evləri və internat məktəblərindən 3703 nəfər məzun olub. Onlardan 214 nəfər ali təhsil, 152 nəfər orta təhsil, 482 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Ali təhsil müəssisələrinə qəbul olan məzunlardan 2 nəfər 600-dən çox, 12 nəfər 500-600 arası, 18 nəfər isə 400-500 arası bal toplayıblar.