“Formula-1” yarışlarının yeddiqat çempionu, məşhur avtopilot Mixael Şumaxer arvadının və uşaqlarının səsini eşidəndə ağlayır.Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə “Sky Sport İtalia” telekanalının müxbiri Antonio Boselli öz Twitter səhifəsindən məlumat paylaşıb.
“Şumaxer doğmalarının, arvadının və uşaqlarının səsini eşidəndə göz yaşlarını saxlaya bilmir. Bu, bəlkə də kədərli mənzərə kimi görünə bilər. Amma bu, həm də onun həyata qayıtmasının əlamətidir. Və yaxşı əlamətdir” - deyə A.Boselli öz mikrobloqunda yazıb.
Qeyd edək ki, M.Şumaxerin meneceri Sabina Kem noyabrın sonlarında avtopilotun səhhətində irəliləyişin olduğunu bəyan etmişdi.
Şumaxer sentyabrın əvvəllərində klinikadan çıxarılaraq evinə aparılıb. Bu, onun həyat yoldaşı Korinna Şumaxer ərinin vəziyyətinin yaxşılaşdığını deyəndən sonra baş verib.
Yada salaq ki, Şumaxer ötən il dekabrın 29-da Fransada Alp dağlarında xizək sürərkən qayadan uçaraq başından ağır zərbə almış və təxminən yarım il koma vəziyyətində qalmışdı. Həkimlər M.Şumaxerin tam sağalmaq şansının olmadığını bildirirlər.
Mənbə: Milli.Az