Dövlət Neft Şirkətinin (ARDNŞ) benzin istehsalından gəlirləri böyük deyil.Bunu ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov mətbuat konfransında neftin qiymətinin düşməsi fonunda benzinin qiymətinin azalması imkanı ilə bağlı sualı cavablandırarkən deyib. Vitse-prezident eyni zamanda qeyd edib ki, Azərbaycanda istehsal etdiyi Aİ-92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Bəs görəsən, Tarif Şurasının müəyyən etdiyi qiymətlər xam neftin mövcud qiyməti və benzinin dünya bazarlarındakı qiyməti ilə uyğunluq təşkil edirmi?
Benzinin xam neftdən hazırlandığını niyə unuduruq?
Benzinin və eyni zamanda da digər yanacaq növlərinin xam neftdən hazırlandığını nəzərə alsaq, bu məhsulun ucuzlaşmasının benzinin qiymətinə də təsir edəcəyi qaçılmazdır. Bunu son bir il ərzində baş verən qiymət dəyişiklikləri də sübut edir. ARDNŞ-in açıqladığı məlumatlara görə, ötən ay dünya bazarında Azərbaycan neftinin də daxil olduğu Ceyhan tipli xam neftin qiyməti 79,7 dollar (1 ton üçün) olub. Bir əvvəl - 2013-cü ilin noyabr ayında bu rəqəm 27,5% və ya 30,3 dollar çox - 110 dollar təşkil edib. Benzinin qiymətidə xam neftin qiymətindəki ucuzlaşma ilə təxminən eyni səviyyədə aşağı düşüb. ARDNŞ-in məlumatına görə, 2013-cü ilin noyabr ayında dünya bazarında benzinin qiyməti (1 ton üçün) 928,27 dollar, dizelin qiyməti isə 909,73 dollar olduğu halda, bu ilin noyabrında benzinin qiyməti (1 ton üçün) 732,33 dollar, dizelin qiyməti isə 694,86 dollar olub. Bir il ərzində benzinin qiyməti 21,2% (196,94 dollar), dizelin qiyməti isə 23,6% (214,87 dollar) ucuzlaşıb. Göründüyü kimi dünya bazarlarında benzinin qiyməti xam neftin qiymətindəki dəyişikliklərdən birbaşa asılıdır.
Aksiz dərəcəsi qalxdı-düşdü, benzinin qiyməti qalxdı-düşmədi...
Ölkəmizdə benzinin qiyməti sonuncu dəfə 2 dekabr 2013-cü ildə artırılıb. Həmin tarixdən etibarən pərakəndə satış məntəqələrində Aİ-95 markalı avtomobil benzininin 1 tonu 1048 manata (1 litri 80 qəpik), Aİ-92 və Aİ-80 markalı benzinlərin 1 tonu 917 manata (1 litri 70 qəpik), dizel yanacağının 1 tonu isə 714 manata (1 litri 60 qəpk) satılır. Artıma əsas səbəb kimi, aksiz dərəcələrinn artırılması göstərildi. Belə ki, Nazirlər Kabinetinin 2 dekabr 2013-cü il tarixli qərarı ilə (Tarif Şurası benzinin qiymətini bu qərardan dərhal sonra artırıb-red.) neft məhsullarının, o cümlədən benzinin və dizelin qüvvədə olan aksiz dərəcələri artırılıb. Qərara görə, Aİ-95 markalı benzinin aksiz dərəcəsi 101%-dən 159%-ə, Aİ-92 (92%) və Aİ-80 (93%) markalı benzinlərin hər ikisi üçün aksiz dərəcəsi 134%-ə qaldırılıb. Dizeldə artım 24%-dən 57%-ə çatdırılıb. Təxminən 2 ay sonra Nazirlər Kabineti 6 fevral 2014-cü il tarixində yeni bir qərar qəbul edərək aksiz vergilərini əhəmiyyətli dərəcədə azaltdı. Dəyişikliyə görə, Aİ-95 markalı benzinə tətbiq edilən aksiz vergisi 159%-dən 64%-ə endirildi. Aİ-92 benzinində vergi 134%-dən 65%-ə, Aİ-80-də 134%-dən 66%-ə, dizeldə isə bu göstərici 57%-dən 18%-ə düşürüldü. Lakin Tarif Şurası benzin və dizelin topdan və pərakəndə qiymətlərini dəyişməyərək, aksiz vergisinin məbləğini düşürərək şirkətdaxili qiymətləri yüksəltdi. Hazırda topdansatış qiyməti 917 manat olan Aİ-92 markalı benzinin şirkətdaxili qiyməti bu qərardan sonra 290,44 manatdan 411,91 manata qədər artırılıb. Əvəzində isə aksiz vergisinin 134%-dən 65%-ə düşürülməsi hesabına aksiz vergisinin məbləği 389,19 manatdan 267,74 manata qədər azalıb. Buradan da açıq şəkildə görünür ki, qiymətlərin bu səviyyədə olmasında benzinin şirkətdaxili qiyməti həlledici paya sahibdir.
Mənbə: Milli.Az