Qadin.NET / Pul verib evimizə gətirdiyimiz "zəhər": diqqətli olun

Pul verib evimizə gətirdiyimiz "zəhər": diqqətli olun

 

Qış fəslində evlərdə ən çox istifadə edilən məhsullardan biri də turşulardır. 

Xüsusən, pomidor turşularını çox adam sevir desək, yəqin ki, yanlışlığa yol vermiş olmarıq. Lakin bəzən olur ki, pomidor turşuları yadda təkcə dadı ilə qalmır, həm də zəhərlənmələrlə yadda qalır. Qış fəslində rayonlarda pomidor turşularından zəhərlənmələrlə bağlı xəbərləri yəqin ki, siz də az eşitməmisiniz. Bəs pomidor turşularını zəhərə çevirən nədir? Nəyə və ya nələrə diqqət etməyi unuduruq? Bu suallara İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin maarifləndirici məlumatları əsasında aydınlıq gətirməyə çalışacağıq. Xidmətin ekspertləri bildirirlər ki, pomidordan tomat və ya pomidor şirəsi, turşu, sous, mürəbbə və s. hazırlanır. Eyni zamanda pomidorun digər tərəvəzlərlə qarışığından sirkəyə və duza qoyulmaqla ən müxtəlif çeşidli konservlər hazırlanır. Ona görə də istehlakçılar üçün onun keyfiyyət əlamətlərini bilmək vacibdir. 
Tomatdan əlavə, istehlak etdiyimiz qida məhsulları içərisində konservləşdirilmiş pomidor turşusu da xüsusi çəkiyə malikdir: “Pomidorun duza və sirkəyə qoyulması ilə hazırlanan bu məhsullar yaxın keçmişə qədər əsasən ev şəraitində hazırlanırdısa, hazırda daha çox sənaye üsulu ilə istehsalına üstünlük verilir və bu onların çeşid müxtəlifliyinə, keyfiyyətinə müsbət təsir göstərmişdir. Bu məhsullar yüksək qidalılıq dəyərinə malik olmasa da, uzun müddət saxlanılması istehlakçılar tərəfindən rəğbətlə qarşılanır. Lakin nəzərə alınmalıdır ki, keyfiyyətsiz konservlərin istehlakı insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Ona görə də istehlakçılar bu məhsulları alarkən diqqətli olmalıdırlar.
Hər şeydən əvvəl konserv istehsalında xammal kimi istifadə olunan pomidor sağlam, zədəsiz olmalı, yuyulmuş olmaqla saplaq kəsilib götürülməlidir. İstehsal zamanı texnoloji proseslərə ciddi əməl olunmalıdır. Hazırlanma texnologiyasının pozulması məhsulun xarab olmasına səbəb ola bilər. Belə pozuntulardan ən çox müşahidə olunan hal hermetikliyin pozulmasıdır ki, bu da məhsulun qapağının və dəmir bankalarda dibinin şişkinliyinə səbəb olur. Bir sıra hallarda isə pomidor konservləri mikroorqanizmlərin inkişafı ilə əlaqədar korlanır. Bu zaman konservə xas olmayan rəng və çöküntünün yaranması müşahidə olunur. 
Qeyd olunanları nəzərə alaraq, hər bir istehlakçı pomidor konservi alarkən məhsulun istehsal və son istifadə tarixlərinə diqqət yetirməli, bankaların təmiz olmasına, qapağında şişmə, taralarında əzilmə və ya çökmənin olmadığına, bankaların çat və köpüksüz olmasına diqqət etməlidir. Qabının metal səthi aşınmış, cızılmış konserv məhsulları qətiyyən istifadə edilməməlidir. Konservləşdirilmiş pomidor normativ-texniki sənədlərə uyğun olaraq qablaşdırılmalıdır”.
Eyni zamanda bu məhsulları alarkən onların sterilizə olunub-olunmamasına diqqət edin. Bilin ki, ev şəraitində hazırlanan pomidor konservlərinin əksəriyyəti sterilizə olunmur ki, bu da botulizm kimi təhlükəli mikrobların inkişafına münbit şərait yaradır. Belə məhsullar güclü zəhərlənməyə səbəb ola bilər. Ticarət şəbəkəsindən bu məhsulları alarkən onların markalanmasına, etiketdəki məlumatlara, qabın səthində mümkün ola bilən defektlərə, pas ləkələrinə, lehimlərin yığıntı ölçülərinə, rezinin və ya pastanın vəziyyətinə diqqət yetirin. Bankadakı etiket bütöv, təmiz, doğru və səliqəli yapışdırılmalıdır. Konservlərin keyfiyyəti, rəngi, dadı, qoxusu saxlama zamanı da dəyişikliyə məruz qala bilər. İşığın təsiri altında konservlər yüksək temperaturda saxlanıldığı zaman burada qeyri-fermentativ reaksiyalar sürətlənir. Bu amillərin mənfi təsirini mümkün olduğu qədər azaltmaq üçün tərəvəzlərdən hazırlanmış konservləri quru, sərin və qaranlıq yerlərdə saxlamaq tövsiyə olunur. 
“Pomidor konservlərini hazırlanma tarixindən etibarən 2-3 il müddətinə saxlamaq mümkündür. Ancaq hər bir istehlakçı nəzərə almalıdır ki, bu müddət ərzində saxlanma şəraiti və temperaturu onun keyfiyyətinin dəyişməsi baxımından çox əhəmiyyətlidir. Ona görə uzun müddət saxlanılan bu məhsulları istehlak edərkən ehtiyatlı olun”,-deyə xidmətin açıqlamasında bildirilir.
Mənbə: Milli.Az

 

28 dekabr 2014
GO BACK