Depressiyaya yoluxmaqda parazitlərin və virusların böyük rolu var. ABŞ alimləri apardıqları araşdırmalar zamanı bu qənaətə gəliblər.
Amerika əhalisinin 16 faizinin həyatının müəyyən dövründə ağır depressiya yaşadığını bildirən mütəxəssislər depressiyanın da digər yoluxucu xəstəliklər kimi olduğunu iddia edirlər. Yəni insanlar qripə, hepatitə və digər yoluxucu xəstliklərə yoluxa bildiyi kimi depressiyaya da yoluxurlar.
Mütəxəssislər onu da müəyyən ediblər ki, həyatında bir dəfə depressiyaya yoluxanların 50 faizi ikinci dəfə, ikinci dəfə yoluxanların 80 faizi növbəti dəfə depressiyaya yoluxur. Bu elə bir xəstəlikdir ki, ömür boyu insan orqanizmində yaşayır.
Psixiatr İkram Rüstəmovun sözlərinə görə, depressiya da bioloji xəstəliklərə aid edilməyə başlayıb. Çünki elə insanlar var ki, illərlə antidepresantlardan istifadə etsələr də, depressiyadan qurtula bilmirlər. Bir dəfə depressiyaya yoluxursansa, ömür boyu daşıyıcısına çevrilirsən.
Alimlər müəyyən edib ki, depressiya iltihablanma ilə əlaqəlidir: "Parazitlər insan orqanizminə düşdüyü zaman insan orqanizminin davranışlarını dəyişdirir. Major depressiya parazit, virus və bakteriyaların səbəb olduğu bir növ xəstəlikdir. Bu virus insan orqanizmində aktiv hala gəldiyi zaman beyindəki nevrotransmeterləri dəyişdirir və nəsildən-nəsilə keçə bilir".
Müsahibimiz bildirir ki, əksər vaxt ağır depressiya zamanı həkimlər depresivlərə antidepresantlar yazırlar. Ancaq bu antidepresantlar da böyük zərər verə bilir.
Türkiyədə il ərzində 50 milyon, Amerikada 800 milyon qutu dərmandan istifadə edilir. Azərbaycanda isə xəstələrin çoxu qeydiyyata düşmədiyindən istifadə edilən dərmanların dəqiq rəsmi statistikası yoxdur: "Antidepresantlar həyatı rahatlaşdırsa da, bu dərmanların şüursuz istifadəsi impuls idarəsinin pozulması, düşünmədən hərəkət etmə, boşanmaların asanlaşması, maddi zərərlərə uğrayacaq əlaqələrə girmənin asanlaşması, idarəsiz cinsi əlaqələrdə artım, təcavüzkarlıq, hirs idarəsində pozuntu kimi əks təsirləri də var. Antidepresantlar xalq arasında "cənnət" kimi bilinən affekt halını da tətikləyir. Buna görə ciddi xəstəliklər istisna olmaqla istifadəsi doğru deyil".
Rüstəmov deyir ki, bu gün dərman bazarında 40 il əvvəl olmayan antidepresant dərmanlar olsa da, müqayisə edildiyi zaman depressiya diaqnozu qoyulan xəstələrin sayı durmadan artır. Qarşısının alınması üçün bu qədər dərman olduğu halda depressiya niyə artır? Həmsöhbətimizə görə, bəlkə də elə depressiyanın səbəbi bu antidepresant dərmanlardır.
Mütəxəssislər hesab edir ki, hər hansı bir depressiya diaqnozu qoyulan xəstə antidepresant qəbul edirsə, onda depressiya bir qədər də gərginləşir. Antidepresant dərmanların istifadəsi zamanı depressiya diaqnozu qoyulmuş insanlarda cinsi istəksizlik və cinsi hisslərin azalması, gənc kişilərdə sperma inkişafına problemlər, ishal və ya qəbizlik, həzmsizlik və ya həzm sistemində problemin yaranması, qanaxma və infarkt riski daha çox olur.
Araşdırmalar zamanı məlum olub ki, antidepresant dərmanlardan istifadə etməyənlər edənlərə nisbətən daha çox yaşayır: "Əgər siz də depressiya dərmanı istifadə edir və qeyd edilən əks təsirlərdən birini yaşayırsınızsa, özünüzü ələ alıb, dərman qəbulunu dayandırın və ya həkiminizlə məsləhətləşin".
ABŞ-da 1998-ci ildə aparılan araşdırma zamanı antidepresant istifadə edən şəxslərin 82 faizinin intihar düşüncəsində olduğu məlum olub. Bu şəxslərin 62 faizi cinsi istəksizlik, 60 faizi romantik duyğuların olmaması, hissiyatsızlıqdan şikayətçi olub. Antidepresant istifadəçilərinin 42 faizi "özümü özüm kimi hiss etmirəm", 39 faizi "başqaları vecimə deyil" deyə bildirib. Dərman qəbul edənlərin 55 faizi isə dəfələrlə dərmanlardan imtina etsə də, yenidən qəbul etməyə başladığını qeyd edib. Antidepresantlar faydalı olmamaqla yanaşı, eyni zamanda, asılılıq yaratmaq təsirinə malikdir.
Mənbə: Milli.Az