Bu gün əfsanəvi gülüş ustası Çarli Çaplinin anım günüdür. Kult.az onun haqda yazını təqdim edir. “Splastick” – bədən dilinin ön planda olduğu, aktyorların etdiyi hərəkətlərlə izləyicini güldürməyə çalışan bir komediya növü olan hərəkət komediyasının ən uğurlu nümayəndələrindən biridir Çaplin. O, dünya kinematoqrafiyasına yeni bir baxış növü gətirdi. Filmlərində siyasi mövqelərin komediya ilə harmoniyasından istifadə edən aktyor məhz bu səbəbdən ABŞ-dan deportasiya edilmişdi. Amma buna baxmayaraq, iki dəfə “Oskar” mükafatına və 1975-ci ildə “Sir” adına layiq görülmüşdü.
Milli.Az Kult.Az-a istinadən bildirir ki, Çarli Çaplin 1898-cu ilin 16 aprelində, Londonda Valvorz ərazisində dünyaya gəlib.Anası Hanna və atası Çarlz müzikl aktyorları idi. Bu səbəbdən Çaplinin uşaqlığı səhnələrdə keçib və o, hələ uşaq vaxtlarından rəqs edib, mahnı oxumağı öyrənmişdi. Çaplinin 3 yaşı olanda valideynləri boşanmaq qərarına gəlir. Valideynlərinin boşanmasından sonra anası və böyük qardaşı Lambertlə birgə qalan aktyor ilk dəfə 1894-cü ildə – 5 yaşı olanda səhnədə rol ifa etmək şansı qazanır. Amma Çaplinin ilk önəmli rolu “Eight Lancashire Lads” adlı tamaşada oynayır.
1900-cü ildə ögey qardaşı, Sidney London Hipodromunda “Cindirella” tamaşasında ona rol tapır. 1903-cü ildə “Jim: A romanca of cockayne”, 1906-cı ildə isə “Şerlok Holms” tamaşalarında rol almağa müvəffəq olur. Sözügedən tamaşada böyük aktyor qəzet satan bir uşağı canlandırır.
Çarlinin on iki yaşı olanda alkoqolik atası dünyasını dəyişir. Atasının ölümü və anasının şizofreniyadan əziyyət çəkməsi səbəbindən ruhi xəstəxanaya yerləşdirilməsindən sonra Çarli uşaqlar evinə verilir. Beləliklə, Çarli uşaqlıq illərini yetimxanada keçirir. Canlandırdığı kiçik rollardan sonra 1908-ci ildə Fred Karnonun yaratdığı cəmiyyətə qoşulur. Hiperaktiv, əyləncəli, şən tamaşalarda izləyiciləri güldürməyə öyrəşən Çaplin 1910-1912-ci illərdə Karnonun Amerika turnirinə qoşulur. Sözügedən cəmiyyətdə aktyor Stan Laurellə tanış olur. Amerika turnirində onlar bir otaqda qalırdılar. Lakin sonradan Stan İngiltərəyə qayıdır, Çaplin isə Amerikada qalır.
Amerikada etdiyi çıxışlarda Çaplin Keystone şirkətinin prodüseri olan Mack Sennett tərəfindən kəşf olunur.
1914-cü ilin 2 fevral tarixində “Making a living” adlı komediyada rol təklifi gəldikdə gənc aktyor bunu dərhal qəbul edir. Həmin ildə o, həm də “Kid auto races at venice” filminə də dəvət alır və təklifi dəyərləndirir. Bu filmdə Çaplin əyninə böyük olan şalvarı, böyük ayaqqabıları, əlində əsa olan çolaq “Şarlo” obrazını canlandırır. Bu illərdə o, “Caight in a cabaret”, “ Caught in the rain”, “The face on the bar-room floor” və “His trysting place” kimi müxtəlif 34 filmə çəkilir. Sözügedən “səssiz” filmlərdə Çaplinin komediya janrında özünü inkişaf elətdirmək və təcrübə yığmaq imkanı olur.
Mack Sennerin köməkliyi ilə əməkdaşlıq qurduğu Keystone Film Şirkətində həftəlik 150 dollara fəaliyyət göstərən aktyorun qazandığı uğurlar və aldığı film təklifləri qarşılığında bu pul çox az idi. Bu səbəbdən Keystone Film Şirkəti ilə yollarını ayıran Çaplin Essanay şirkətinə üz tutur. Bu vaxtlarda Çaplinin qardaşı Sidney də İngiltərəni tərk edib, ABŞ-a üz tutur. Sidney Çaplinin müxtəlif film şirkətləri ilə əməkdaşlıq etməsinə köməklik göstərir. Bir il sonra Sidneyin köməkliyi ilə Çaplin Mutual Film Şirkəti ilə 12 filmdə çəkilmək üçün müqavilə imzalayır. Bu filmlərə “The fireman”, “The adventurer”, “The rink”, “Behind the screen”, “Easy street”, “The immigrant”, “The cure” və digərləri misal ola bilər.
Çaplin qazandığı çoxsaylı uğurlardan sonra artıq öz şirkətini açıb, heç kimdən asılı olmadan, müstəqil fəaliyyət göstərməyi planlaşdırırdı.
1917-ci ildə Çarli artıq Hollivudun La Brea Avanue adlı bölgəsində bir ərazi alıb öz şirkətini açmaq planlarını cızma-qara edirdi. Bu səbəbdən 1918-ci ilin əvvəllərində First National Exhibitors Sirki ilə danışıqlara girərək ilk addımı atır. Prodüserliyini etdiyi ilk film “A dogs life” olur. Bu uğurlu filmin ardınca “The Bond” və “Shoulder arms” adlı müharibə komediyaları çəkən aktyor 1919-cu ildə fəaliyyətini davam etdirib iki fərqli filmə də imza atır – “Sunnyside” və “A days pleasure”.
1919-cu ildə Mery Pickford, Dougles Fairbanks və D. Griffith ilə Birləşmiş Aktyorlar Şirkətinə şərik olur. Bütün vəzifələri aktyorların icra etdiyi bu şirkətdə əldə olunan gəlir bütün işçilər arasında bölüşdürülürdü. Beləliklə, Hollivudda müasir günümüzdə görməyə öyrəşdiyimiz film şirkətlərinin təməli məhz bu kompaniya ilə qoyulmuşdu.
Birləşmiş Aktyorlar Şirkətində fəaliyyət göstərməklə yanaşı, Çaplin həm də müxtəlif film təkliflərini nəzərdən keçirir, bəzi kinolarda çəkilirdi. 1921-ci ildə imzaladığı altı film müqaviləsi də bu qəbildəndir. Yaradıcılıqla məşğul olduğu zamanlar Çarli dünyanın müxtəlif ölkələrindən gələn təklifləri qəbul edir, turlara çıxır, London, Paris, Berlin kimi böyük şəhərlərə səyahət edir.
Sözügedən səyahətdən sonra ABŞ-a qayıdan aktyor yenidən Birləşmiş Aktyorlar Birliyindəki fəaliyyətini davam etdirdi. Bu şirkətin çəkdiyi filmlər dünya kinematoqrafiyasında özünəməxsus yerə malik idi. Həmin filmlərdə subliminal mesajlar, siyasi və sosial çağırışlar əks etdirilirdi.
Ağ-qara filmlərin qəhrəmanı Çarli Çaplin haqda yazılanların sayı-hesabı yoxdur. Yazılanlardan hansının doğru, hansının yanlış olduğunu hələ də müəyyən etmək mümkün olmayıb. Amma Çaplin dühasından yazan, demək olar ki, hər müəllifin toxunduğu bir ortaq mövzu var – qadınlar. Çaplinin arvadbaz olduğu ilə bağlı danışılan şayiələr, yazılan bioqrafik əsərlər kifayət qədərdir. Məsələn, Patrik Akroydun yazdığı “Çarli Çaplin bioqrafiyası”nda Çaplinin qadınlara qarşı çox kobud və vəhşi olduğu dəfələrlə vurğulanıb.
Səssiz filmləri ilə dünya şöhrəti qazanan aktyor filmlərində yer verdiyi siyasi məqamlara görə ABŞ-dan deportasiya edilir. “ABŞ mənə lazımdı?” – deyən Çaplin arvadını və uşaqlarını götürüb İsveçrəyə üz tutur. Həyatının sonuna qədər bu ölkədə yaşayan aktyor ABŞ-a bir gün qayıdır və onun dönüşü möhtəşəm olur.
İllər sonra – 1972-ci ildə Çaplin ABŞ-a “Oskar” mükafatını almaq üçün geri qayıdır. Mükafatı aldığı ildən bir il sonra o, yenidən “Oskar”a layiq görülür. İkinci dəfə bu mükafatı alanda Çaplin beş dəqiqə zal tərəfindən ayaq üstə alqışlanır.
Daha sonralar isə – 86 yaşında İngiltərə kraliçası İkinci Elizabet tərəfindən “Cəngavər” tituluna layiq görülür.
Çaplin 88 illik həyatında dörd dəfə ailə həyatı qurub. Buna baxmayaraq, o, özündən yaşca kiçik olan xanımlara duyduğu marağı ilə dillərə düşmüşdü. Çaplinin ilk evliliyi 1918-ci ilə təsadüf edir. O, on altı yaşlı aktrisa Mildred Harris ilə ailə həyatı qurur, lakin iki il sonra tərəflər boşanmaq qərarına gəlirlər. Boşandıqdan sonra Harris Çaplini “hər şeyə hirslənən, tez özündən çıxan, səbirsiz və kinli” biri kimi təsvir edir.
Çaplinin ikinci evliliyi 15 yaşındakı Lita Qrey ilə olur. Daha doğrusu, Çaplin ondan hamilə qalan Qreylə evlənməyə məcbur olur. İkinci xanımı ilə də xoşbəxt ola bilməyən aktyor öz xanımını “balaca fahişə” adlandırırdı. Lita Qrey də öz həyat yoldaşı haqda heç ürəkaçan danışmırdı.
Çaplinin bundan sonrakı evlilikləri də uğursuz olur. Həddən artıq qısqanc olması ilə xanımlarını incidən aktyorun bu hərəkətlərinin açıqlaması çoxsaylı psixiatrlar tərəfindən araşdırılıb. Məşhur psixoloq Aleksandr Qrapmeyr bu qəribə hərəkətlərin səbəbini aktyorun yetimxanalarda keçən uşaqlığında görür: “Atasını itirdikdən sonra Çaplinin anasının yaşadığı psixoloji problemlər, daha sonralar isə anasının ruhi xəstəxanaya yerləşdirilməsi Çaplini həyatı boyu itirmək qorxusu ilə üz-üzə qoyub”.
Dahi aktyor 1977-ci ildə, 88 yaşında vəfat edir, o yatır və bir daha oyanmır. 1978-ci ildə onun bədəni polşalı və bolqarıstanlı qrup tərəfindən oğurlanılır və ailəsi şantaj edilir. Hadisədən on bir həftə sonra bu qrup polis tərəfindən həbs olunur. Çaplinin cəsədi məzarına yenidən yerləşdirilir.
Mənbə: Milli.Az