Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Süleyman Qasımov deyib ki, dövlət qərar qəbul edib benzinin qiymətinin aşağı salınmasını təklif edə bilər. Ancaq məsələ burasındadır ki, benzinin qiymətində ARDNŞ-in gəlirliliyi xeyli azdır. Benzinin qiymətində vergi daha çox yer tutur.
Onun sözlərinə görə, benzin Tarif Şurasının müəyyən etdiyi qiymətlərlə satılır: “Bizim qiymətlər qonşu ölkələrlə müqayisə edilib. Bu zaman məlum olub ki, qonşu ölkələrdə vergi həddən artıq yüksəkdir. Belə olan halda, bizdə benzinin vergisiz qiyməti digər ölkələrdən aşağıdır. Xaricdən gətirilən benzinlərin qiyməti isə dövlətin tabeliyində olan məsələ deyil”.
Milli.Az xəbər verir ki, deputat Vahid Əhmədov "Azdlıq"a açıqlamasında bildirib ki, benzinin qiymətilə bağlı məsələyə iki aspektdən yanaşmaq lazımdır. O, ölkə daxilində istehsal edilən və xaricdən idxal edilən benzinin qiymətindəki fərqdən danışıb: “95-Premium markalı benzin Azərbaycanda istehsal edilmir. Bu markalı benzin Azərbaycana xaricdən idxal olunur. Xaricdə benzinin qiyməti aşağı düşüb. Gürcüstan, Rusiya, Türkiyə və digər ölkələrdə benzinin qiyməti ucuzlaşdığı üçün burada da elə olmalıdır. Birmənalı şəkildə benzinin qiyməti aşağı salınmalıdır”.
Deputat deyir ki, ölkə daxilində istehsal olunan “A-92" markalı benzinin və dizel yanacağının qiymətinə isə yenidən hesablamalar aparıb bir daha baxmaq mümkündür. Belə məsələlərin Tarif Şurasının səlahiyyətində olduğunu deyən Vahid Əhmədov bu markadan olan yanacağın gəlirliliyi və digər məsələlərin nəzərdən keçirilməsinin mümkünlüyünü bildirir.