Dekabrın 29-da “Art Villa” qalereyasında “Hər uşaq bir rəssam” xeyriyyə layihəsi çərçivəsində “Ümid yeri” cəmiyyəti tərəfindən uşaqlar üçün “Fidanların arzusu” adlı yaradıcılıq sərgisi keçiriləcək. Sərgi “Gənclər şəbəkəsi”nin təşəbbüsü və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə baş tutacaq.
“Arts Council Azerbaijan”dan verilən məlumata görə, layihənin əsas məqsədi valideyn himayəsindən məhrum, internat evlərində yaşayan uşaqları bir yerə toplamaq, onlara bayram əhval-ruhiyyəsi yaşatmaq, incəsənətin bir sıra bölmələri ilə onları tanış etmək, uşaqlarda olan potensialı üzə çıxarmaqdır.
Hər uşaq bir rəssamdır. Onların hər birinin özünəməxsus rəngli dünyası var. Uşaqlar bizim döyünən ürəyimizdir və hər gizli döyüntüdə bir istedad gizlənir. Onların rəngli və gizli dünyasında nələrin gizləndiyini üzə çıxarmaq gənc rəssamların borcudur. Hər valideynin öz uşağına göstərdiyi qayğı və diqqətə kimsəsiz, valideyn himayəsindən kənarda qalan fidanların da ehtiyacı var.
“Gənclər şəbəkəsi” bu öhdəliyi üzərinə götürərək növbəti layihəsini onlara həsr edib. Təşkilat az da olsa onlara qayğı göstərmək, rəssamlığın sirlərini onlarla paylaşmaq niyyətindədir.