2006-cı ildən bugünə kimi ölkəmizə gələn xarici vətəndaşların sayı 1 milyon 193 min 742 nəfərdən 2 milyon 508 min 904 nəfərə çatıb.
ANS PRESS-in Mədəniyyət və Turizm Nazirliyinə istinadla verdiyi məlumata görə, turistlərin turizm məqsədilə ölkəmizdə çəkdikləri xərclər 91 mln. manatdan 1,2 mlrd. manata çatıb.
Eyni zamanda, ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 288-dən 527-ə, sözügedən obyektlərdə yerlərin ümumi sayı 24 706-dan 34 731-ə, turizm sahəsində çalışan işçilərin sayı isə 5 117-dən 9 847-ə çatıb.
Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi üçün "Turizm haqqında" yeni Qanun layihəsini hazırlanıb. Ümumdünya Turizm Təşkilatının və Avropa İttifaqının "Tvininq" layihəsinin ekspertlərinin təklif və tövsiyələrinin yer aldığı "Turizm haqqında" yeni Qanun layihəsində müasir turizm sənayesinin daha effektli idarə olunması üçün mühüm institusional, tənzimləyici yeniliklər və qabaqcıl təcrübələr öz əksini tapıb.
Qanun layihəsində institusional yeniliklər kimi, turizm və rekreasiya zonalarının, turizm bürolarının, sosial turizm komissiyalarının, dövlət mülkiyyətində olmayan turizm informasiya mərkəzlərinin və turizm informasiya-biznes mərkəzlərinin yaradılması, elmi tədqiqatların aparılması üçün müvafiq qurumların təsis edilməsi və s. müddəalar yer alıb.
Qeyd olunan Qanunun tətbiqi Azərbaycanın turizm potensialının daha da inkişaf etdirilməsi, turizm sahəsində biznes proseslərinin səmərəli istifadəsi və dövlət tərəfindən turizm fəaliyyətinin tənzimlənməsi və turizm sənayesinə verilən dəstəyin artırılmasında geniş imkanlar yaradacaq.
Azərbaycanın turizmi sənayesinin yaxın on il üçün əsas inkişaf istiqamətlərini müəyyən edən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış digər bir mühüm sənəd "2015-2024-cü illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası"dır.
Turizmin inkişaf strategiyası Azərbaycanda turizm sənayesinin mövcud vəziyyəti, inkişaf potensialı, turizmin inkişafında hökumətin rolu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formaları və bu əməkdaşlıqların uğurla qurulması metodları və bir sıra digər mühüm inkişaf istiqamətlərini əks etdirən sənəddir.
Hər iki sənəd hal-hazırda daxili proseduralardan keçir və sonra həm ictimaiyyətə, həm də Milli Məclisə təqdim ediləcək.