Mütəmadi olaraq təmizlənməli olan barabanlar xəstəlik saçır
Texnikanın inkişafı insanların yükünü nə qədər yüngülləşdirsə də, bir o qədər çətinliyi də artırır. Paltaryuyan maşınların artırdığı kimi.
Hansı yuyucu tozdan istifadə, necə istifadə, tutumu, istehsal firması, ömrü, baxımı deyərək, demək olar ki, olduqca qəliz bir mexanizm olan maşınlardan da düzgün və ya səhv istifadə etmənin müsbət və ya mənfi nəticələri zaman-zaman özünü göstərir. Paltaryuyan maşın dedikdə hər kəsin ağlına təmiz yuyulmuş paltarlar gəlsə də, çox vaxt nəticə ürəkaçan olmur.
Dünyanın bütün ölkələrində paltaryuyan maşın ən çox istifadə olunan texnika hesab olunur. Elə bu səbəbdən də paltaryuyan maşınları istehsal edən firmalar maşının ömrünü uzatmaq baxımından fərqli metodlara baş vurur. Əksər maşınlarda özü-özünü təmizləmə, lilli və təmiz olmayan sulardan qorunma kimi proseslər olsa da, əksər maşınlar əlavə dəstək də tələb edir. Bir çox firmalar hətta yuyucu, eləcə də qoruyucu vasitələrin də adlarını qeyd edərək, xüsusən o vasitələrdən istifadəni məsləhət görür. Əksər hallarda qoruyucu vasitələrin də qiymətləri çox ucuz olmur. Maşının xarab olmasındansa pulundan keçənlər bir müddət sonra bütün vasitələrdən istifadə etməsinə baxmayaraq paltarlarının ürəkaçan olmadığının şahidi olurlar. Səbəb kimi isə maşının keyfiyyətsizliyi göstərilir. Əslində isə keyfiyyətsiz maşın yoxdur, sadəcə üsulu bilinməyən və mütəmadi təmizlənməyən maşınlar var.
Bəs paltaryuyan maşınlardan necə istifadə etməli və barabanları necə təmizlənməlidir?
Paltaryuyan maşın ustası Elman Cəlilovun sözlərinə görə, qadınların 90%-i paltaryuyan maşın aldıqda üstünə əlavə olaraq bahalı qoruyucu tozlar da alırlar. Təmizləmə baxımından effektiv sayılan yuyucu tozlardan da istifadə etmələrinə baxmayaraq, maşınlar tez bir zamanda ya fəaliyyətini dayandırır, ya da geyimləri təmiz yumur. Necə istifadə olunması haqqında heç bir bilgiyə sahib olmayan xanımlar daimi olaraq yuma rejimindən istifadə edirlər və nəticədə paltaryuyan maşınlar sıradan çıxır:
"Əvvəla, onu qeyd edim ki, paltaryuyan maşınlarda marka seçimi mənasızdır. Firmalar maşını istehsal edərkən ortaq bir fikrə sahib olurlar ki, o da geyimlərin təmiz yuyulması, suya və toza qənaətdir. Aradakı fərq maşınların çəki tutumu, yuma dərəcələri, yuma rejimi, baraban çıxıntıları, saatları ola bilər. Qadınların çoxu elə bilir ki, paltaryuyanda su və sabun olduqda maşın paltarı təmiz yuyur, amma paltarı yuyan su və sabundan çox, barabandakı çıxıntılardır. İşləmə tipinə görə paltaryuyan maşınlar aktivator və baraban tipli olurlar. Baraban tiplilər daha sadə avtomatlaşdırma sisteminə malik olduğuna görə geniş yayılıb. Sadə avtomatlaşdırma sistemli bu maşınlar su və yuyucu vasitəni daha qənaətli istifadə edir, yuyulma zamanı paltarları etibarlı qoruyur. Paltaryuyan maşın enerji istifadəsi və yuyulma sinfinə görə də fərqlənir. Ən yaxşı keyfiyyətlərə malik paltaryuyan maşınlar "A", yaxud "B" sinfinə, bir qədər zəif keyfiyyətləri olan paltaryuyan maşınlar isə "C", "D", "E" və s. siniflərə aid edilir. Ona görə də paltaryuyan maşın alarkən onun istifadəçiyə lazım olan funksiyaları yerinə yetirib-yetirmədiyini bilmək üçün markalanmasına diqqət yetirmək lazımdır".
Usta deyir ki, paltartyuyan maşınların təmiz yumamasının, eləcə də paltarlardan pis qoxunun gəlməsinin ikinci səbəbi maşından düzgün istifadə etməməkdir. İstifadə qaydasını oxumadan maşını istifadə etmək həm maşının, həm də geyimlərin ömrünü azaltmış olur. Paltaryuyan maşınların istifadə qaydaları nə qədər sərt olsa da, zaman-zaman geyimlərə uyğun olaraq əlavə üsullardan da istifadə etmək olar: "Baraban mütəmadi təmizlənməlidir. Maşının boruları çirkli suyu nə qədər çəksə də, bir müddət sonra borularda və barabanda çirk yığılmağa başlayır ki, bu da yuyulan geyimlərin təmiz yuyulmamasına, eləcə sonradan pis qoxunun gəlməsinə səbəb olur. Buna görə də maşınların baraban təmizliyini ayda 1 dəfə etmək mütləqdir. Maşınların istifadə qaydasında müddət 6 ay göstərilir, amma bu, həftədə ən çox 3 dəfə istifadə üçün nəzərdə tutulub.
Əgər hər gün maşından istifadə olunursa, o zaman baraban təmizliyi ayda bir dəfə mütləqdir. Maşınların əksəriyyətində bu proqram olsa da, bir çox maşınlarda bu rejim yoxdur. Belə olan halda maşın paltarsız qaynama rejimində 1 dəfə boş işlədilməlidir. Yuyulan paltarlar təmiz yuyulmursa, paltarların arasına da yuyucu vasitədən tökmək lazımdır. Çünki xanımlar maşının yuyucu gözünə kifayət qədər yuyucu tozu tökmür və toz maşındakı geyimlərə çatana kimi həll olur. Yuma saatı 30 dəqiqədən az olmamalıdır ki, geyimlər təmiz yuyulsun. Ən vacibi isə - maşın ilk quraşdırılan zaman naşı insan tərəfindən quraşdırılmamalıdır. Maşınların xarab olmasına səbəb də düzgün quraşıdılmayan borular olur".
Paltaryuyan maşınların maksimal sürətinə diqqət yetirilməlidir. Çünki paltaryuyan maşınların dövriyyəsi yüksək olduqda qiyməti də qalxır. Lakin istehlakçılar bilməlidirlər ki, paltarın yuyulması zamanı bu göstərici, demək olar, rol oynamır. Dövriyyə sürəti, paltarların sıxılması və qurudulması zamanı əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, barabanın sürəti dəqiqədə 800 dövrdən az olsa, paltarlarınız pis sıxılacaq. Eyni zamanda, yüksək sürətli fırlanma paltarların korlanma etimalını da artırır. Paltarların çox əzilməsinin qarşısını almaq üçün maşında "yüngül ütüləmə" funksiyasının olması əsasdır. Bu rejimdə maşında paltarlar qısa fasilələrlə aşağı sürətdə sıxılır və hamarlanır. Paltaryuyan maşının səssiz olması istənilirsə, onda balans kontrolu sistemi olan paltaryuyan maşın alınması məsləhətlidir