Kanada alimləri insanın təcavüzkarlığına cavabdeh olan genləri aşkarlayıblar.Monreal (Kanada) alimləri bir sıra tədqiqatlar apararaq müəyyən ediblər ki, təcavüzkarlığın və cinayətlərə meylliliyin əsası insan orqanizminin genlərində olur.
Kanada alimlərinin apardıqları sınaqda 17-18 yaşlı 1400 tələbə könüllü olaraq iştirak edib. Mütəxəssislər tədqiqatın nəticələrinin təhlili zamanı belə qənaətə gəliblər ki, məhz genlər cinayətkarların formalaşmasında əsas rol oynayır. Alimlər antisosial davranışa meyilliliyi sübut etmək üçün bütün tələbələrin tüpürcəyindən nümunə götürüblər.
Bəzilərinin tüpürcək nümunələri tədqiq olunarkən mütəxəssislər MAO-A maddəsinin üstünlük təşkil etdiyini aşkara çıxarıblar. Məlum olub ki, uşaqlıqda təhqirlərə məruz qalanlar, yaşıdları tərəfindən sayılmayanlar, ailəsində ixtilaf olanlar cinayətlərə daha çox meyilli olublar.
Ümumilikdə bütün bunlar cinayətkar davranışın artmasına təkan verib. Bundan başqa, alimlər cəmiyyətdə insanın aqressiv davranışına və onun pis təsir altına düşməsinə meyilli olmasına təsir göstərən BDNF genlərini təhlil ediblər.
Kanada alimləri belə qənaətə gəliblər ki, genlər və uşaqların aldıqları zədələr gələcəkdə insanın müəyyən cinayətlər törədə biləcəyindən xəbər verir.
Mənbə: ANS PRESS