Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini Dadaş Hüseynovinstitutun Elmi Şurasının ümumi iclasında deyib ki, "Böyük Qafqazın şərq hissəsinin və Talış dağlarının flüid təzahürləri: flüid geokimyası, struktur və geodinamik asılılıq" proqramı çərçivəsində Talış dağlarında İtaliya Milli Tədqiqat Şurasının alimləri ilə birgə tədqiqat aparılıb.
Müəyyən edilib ki, sanitar-gigiyenik normalara görə, Talış dağlarının mineral sularının içməli su kimi və vanna qəbul etmək üçün istifadəsi əhalinin sağlamlığına təhlükə törətmir. Yalnız Yardımlı rayonunun Bülüdül su mənbəyi bu baxımdan istisnadır. Çünki bu mənbədə radonun miqdarı içməli su üçün qəbul olunmuş normadan 1,5 dəfə artıqdır.
D.Hüseynov deyib ki, ilk dəfə olaraq, Azərbaycan ərazisinə məxsus coğrafi uzlaşdırılmış tektonik rayonlaşdırma, minerageniya, palçıq vulkanlarının məkanca paylanması və güclü zəlzələlərin baş vermə mümkünlüyü üzrə zonaların xəritələri hazırlanıb.