Qadin.NET / Bakıda bayramqabağı "endirim" oyunu

Bakıda bayramqabağı "endirim" oyunu

 

Hər bayram olduğu kimi Yeni ilin yaxınlaşması ilə əlaqədar endirimlər, bayram kampaniyaları artmaqdadır. Bu təkliflər arasında, həqiqətən, bayram endirimləri edilsə də, artıq məlum məsələdir ki, bu cür kampaniyaların əksəriyyəti diqqət çəkmək üçün hazırlanır

Əvvəla, onu qeyd edək ki, bayram endirimləri və kampaniyaların böyük bir hissəsinin hədəfində gənclər və xanımlardır. Xüsusən bu kütləni nəzərə alan mağaza və xidməti məkanlar zaman-zaman müştəri məmnunluğunu qazanmaq üçün əlavə hədiyyələr də təqdim edirlər. Bu cür kampaniyalara, ümumiyyətlə, fikir verməyənlər də var, kampaniya və endirimlərdən yararlananlar da. Məsələn, kosmetik mağazalarda edilən endirimlər çox vaxt xanımların işinə yarayır və demək olar, hər 3 xanımdan 2-si bu endirim kampaniyalarından yararlana bilir. 
Bakı sakini Səkinə Əliyeva deyir ki, artıq ikinci dəfədir bayram kampaniyalarından yararlanmaq istəyi alınmayıb. Çünki ya xidmət normal yerinə yetirilmir, ya da müştəri məmnuniyyəti məkanı, ümumiyyətlə, maraqlandırmır. Bu cür kampaniyalar insanların diqqətini hər nə qədər cəlb etsə də daimi müştəri itirməklə nəticələnir: "Çox tanınmış, türk saç salonlarından birində bayramqabağı kampaniya var deyə tərəddüd etmədən ora yollandım. Salonda daimi olaraq türk usta saçları formaya saldığı halda bu səfər kampaniyaya daxil olan əlavə xidmətləri eyni usta etmədi. Tələbə olaraq yetişdirdikləri ustalar saçları qaydasına saldıqdan sonra məlum oldu ki, türk usta kampaniyaya daxil olan xidmətləri etmir və bunun üçün əlavə ödəniş etmək lazımdır. Bu, artıq ikinci dəfədir fərqli salonda rast gəldiyim bayram kampaniya hiyləsidir". 
Bu cür kampaniya və endirimli olan salonlardan bir neçəsi ilə əlaqə saxlayırıq. Məlum olur ki, salonların çoxu xidməti ya düzgün yerinə yetirməkdən boyun qaçırır, ya da vəd etdikləri kimi çalışmır. Xidmət ya karnaval üsulu saç düzümləri ilə kifayətlənir, ya tələbələr tərəfindən yerinə yetirilir, ya da birinci müştəri pulunu ödədiyi halda gələn rəfiqəsinə endirim olunur. 
Geyim mağazalarında da bayram aqibəti eynidir desək, yanılmarıq. Şəhərin xüsusən mərkəzi hissəsində mağaza şüşələrinə vurulan endirim yazılarının çoxu sadəcə yazı olaraq qalır. Bir geyim alana ikincisi hədiyyə olaraq verilən vədlərdə isə birinci geyimin qiyməti o qədər yüksək olur ki, ikinci geyimin də ödənişini qarşılamış olur. 
İqtisadçı ekspert Ağa Orucovun sözlərinə görə, mağazalarda yalançı endirimlərin qarşısı alındığı üçün onlar keyfiyyəti olmayan mallara, eyni zamanda naşı xidmətlərə endirim etməyə məcbur olurlar. İllər əvvəl endirimli mallar mağazalarına daxil olduqda, ümumiyyətlə, endirimli mal tapmaq olmurdusa, artıq buna risk etmirlər. Bu səbəbdən də keyfiyyəti olmayan, depolarda qalan, dəbi keçmiş mallara endirim yazılaraq satmağa məcburdurlar: "İstehlakçı endirim reklamını yayan mağazaya daxil olduqdan sonra tələb etdiyi malı almaq istəyəndə satıcılar ona deyir ki, endirimlər buna aid deyil. Bütün normal geyimlər bayram, yeni mövsüm və s. ad altında sərgiləndiyi halda endirimə girən bütün geyimlər mağazanın bir küncündə üst-üstə qalaqlanır. Əvvəla, bu, mağazaya, sonra isə müştəriyə hörmətsizlikdir. Bundan əlavə, belə kampaniya olan mağazalarda alınan mal əgər istehlakçının tələbini ödəmirsə, onu geri qaytarmırlar və səbəb kimi həmin malın endirimli qiymətlə satılmasını göstərirlər. Malın 1 manat qiyməti olsa belə mağaza onu satıbsa, bir sıra səbəblərdən malı geri qaytarmalıdır. Endirimli mallar geri qaytarılmaz deyə bir qanun yoxdur. Malın endirim qiyməti maksimum 50% ola bilər ki, bu cür endirimlər də qiyməti yüksək olan mallara aid olur. Bir mala bayramla əlaqədar 70% və daha çox endirim qiyməti qoyulursa, həmin malın saxtalığına tam əmin olmaq olar". 
Ekspertin sözlərinə görə, bayramqabaqı edilən endirimlər mağazanı tanıtmaq, diqqət çəkmək məqsədi ilə edilən endirimlərdir və şəhər sakinləri bundan yararlansalar belə keyfiyyət baxımından qazana bilmirlər. Adətən, edilən endirimlərin keyfiyyətli olması üçün ya mövsümün keçməsini, ya da yeni kolleksiyanın gəlməsini gözləmək lazımdır. Əks halda, həqiqi qiyməti heç 3 manat olmayan bir mal 5 manata satılaraq endirim adı ilə ucuzlaşdırılır: "Yalançı endirim kampaniyalarına dünyanın ən inkişaf etmiş ölkələrində belə rast gəlinir. Ancaq digər ölkələrlə müqayisədə bizdə bu üsuldan daha geniş istifadə olunur. Məsələn, Avropa ölkələrinin əksəriyyətində bayramqabağı edilən endirimlərdə il boyu satılmayan mallar həqiqətən endirim üsulu ilə satılır və mağaza bir növ təmizlənmiş olur. Azərbaycanda isə vəziyyət başqadır. Satılmayan malın qiymətini daha da yüksəldib yenidən endirimə salaraq elə mənzərə yaradılır ki, sanki mal mağazanın illərdir qalan malı deyil, son dəbdir". 
Müsahibimiz qeyd edir ki, qanunvericilikdə saxta endirimlərə yol verən sahibkarlara qarşı xüsusi cərimə mövcud deyil. Onlar istehlakçıların hüquqlarını pozduqları üçün inzibati qaydada cəzalandırılırlar. Bu da istənilən effekti vermir. Xüsusi cərimə tətbiq olunarsa, nəinki bayramqabağı edilən, ilin bütün fəslində olan endirimlər daha ciddi hal almış olar. 

Mənbə: Milli.Az

 

24 dekabr 2014
GO BACK