2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxta gətirilən yeni avtobuslar sabahdan sərnişinlərə xidmət göstərəcək.
Hazırda Bakıda olan 50 ədəd Türkiyə istehsalı olan “İsuzu” markalı avtobusun hələlik 25-i istismara veriləcək.
Bu barədə APA-ya Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib.
O deyib ki, avtobuslar 65 saylı xətt marşrutu üzrə (9-cu mikrorayondan “Azneft” meydanı istiqamətində) hərəkət edəcək.
“Bakıya bu cür texniki vasitələr ilk dəfədir gətirilir. Bu ictimai nəqliyyat vasitələrində sərnişinlərin həm rahatlığını, həm də təhlükəsizliyini nəzərə alınıb. Belə ki, avtobuslarda kondisioner, kamera, kompyuter sistemi quraşdırılıb. Sərnişinlər bu sistem sayəsində qarşıdakı avtobusların marşrutunu da əvvəlcədən öyrənə biləcəklər. Fiziki imkanları məhdud şəxslərin və uşaq arabalarının avtobusa mindirilib-düşürülməsini rahat etmək üçün xüsusi panduslar quraşdırılıb. Avtobusdan uşaqlar, ahıllar, fiziki imkanları məhdud şəxslər, habelə ev heyvanları üçün xüsusi hissə var. Xüsusi şüşələr sərnişinləri günəş şüalarından qoruma qabiliyyətinə malikdir”, - Ə.Cəfərov qeyd edib.
Qeyd edək ki, üçqapılı avtobuslar 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir.
Avtobusları Azərbaycana gətirən özəl şirkət ümumilikdə 200 avtobusun gətirilməsini nəzərdə tutur. Qalan 150 avtobus isə 2015-ci ildə gətiriləcək.
Mənbə: Milli.Az