Qadin.NET / Seçimlərdən ən çətini…

Seçimlərdən ən çətini…

 

Bayramqabağı hamının üzləşdiyi dilemma: hansı hədiyyəni seçək? Dəyanət Rzayev: "Hədiyyə alarkən daxildən nə gəlirsə, onu da alıb hədiyyə etmək daha düzgündür"

"Bəy verən atın dişinə baxmazlar" deyib atalarımız. Məlum məsələdir ki, artıq ilin sonudur, Yeni il bayramı yaxınlaşır və hamı bayram üçün tədarük görməyə hazırlaşır. Hədiyyənin məhz qadınlar üçün nəzərdə tutulduğunu düşünənlər az deyil.
Bəziləri üçün "hədiyyə" sözünün sinonimi belə "qadınlar" sözü olur. Ancaq onu da qeyd edək ki, bunda tamamilə qadınları da günahlandırmaq olmaz. Psixoloqlara görə, hədiyyə alarkən qadınlar bunu onlara qarşı edilən hər hansı bir səhv addımı yumşaldan bir amil kimi qəbul edirlər, məhz bu səbəbdən kişilərin işi yüngülləşir. 
Keçirdiyimiz sorğu nəticəsində "Hədiyyə olaraq nəyi almağı daha çox istərdiniz?" sualına cavab verən xanımlardan bəzisi "Nə alacağının fərqi yoxdur, əsas diqqətdir", "Fərq etməz, gözəl bir şey olsun. Ancaq bu gözəl bir şey kino bileti də ola bilər" və ya "hədiyyə olaraq kitab almağı tərcih edirəm" deyənlər də oldu. 
Sorğumuza cavab verən güclü cinsin nümayəndələri isə geyim əşyalarına üstünlük verdiyini, parfüm ləvazimatları və ya simvolik hədiyyələri daha çox sevdiyini bildirdilər. Sualımızı cavablandıranlardan biri isə ümumən hədiyyə almağı yox, hədiyyə verməyi daha çox sevdiyini bildirdi: "Adətən qeyri-adi bir şeylər düşünüb hədiyyə etməyi sevirəm. Qeyri-adi deyərkən, yəni hədiyyənin qiymətini nəzərdə tutmuram. Bu ucuz bir şey də ola bilər, lakin mütləq hər hansı bir hədiyyə kimi görməyə vərdiş etdiyimiz bir şey olmamalıdır. Həm də hədiyyə alarkən, onu hədiyyə edəcəyim şəxsin zövqünü də düşünüb alıram". Təəssüf, belə altruist adamlara tez-tez rast gəlinmir.
"Kişilər üçün nə hədiyyə alarsınız?" sualı isə xanımları daha çox düşünməyə vadar etdi: "Bilmirəm. Kişilər üçün hədiyyə almaq hər zaman çətin olur. Çeşid çox azdır", "Düzünü desəm, bilmirəm. İlk ağla gələn parfümdür", "Hədiyyə alacağım kişi ailə üzvlərindən biridirsə, geyim ala bilərəm. Dost-tanış üçün isə onun zövqünə uyğun bir şey tapmaq olar. Ancaq təbii ki, bu hər zaman bir az çətin olur", "Qarşı cinsə hədiyyə seçərkən hər zaman çətinlik çəkirəm. Ən sadə və mürəkkəb variant qol saatıdır".
Ümumiyyətlə, hədiyyə insanlar üçün nə məna verir? Hədiyyənin maddi dəyəri bizim üçün niyə bu qədər vacibdir? 
Orta məktəb illərində hədiyyə ilə bağlı neqativ bir hadisə illər keçsə də xatirimdən çıxmayıb. Ola bilər, bu hadisəni sinif yoldaşlarım da xatırlayarlar. 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə sinif yoldaşlarımızla yığışıb, ingilis dili müəllimimizə bir dəstə gül və şokolad qutusu almışdıq. Lakin müəllim bu hədiyyəni gördüyündə sanki onu təhqir edirmiş kimi sima alıb, gül dəstəsini götürüb şagirdlərin gözü qarşısında sinif otağının küncündə yerləşən zibil qutusuna atdı... 
Psixoloq Dəyanət Rzayev bunun bir neçə izahı olduğunu bildirdi: "Bu bir tərəfdən dəbdən asılıdır. Misal üçün, əvvəllər qonaq gedəndə qutusu böyük olan şokolad alırdılar. Lakin onun xarici görünüşünə baxmayaraq, qutunun içində xırda-xırda, eybəcər, adamın zəhərlənə biləcəyi konfetlər olurdu. Hazırda da belə insanlara rast gəlmək olur. İnsanlar bəzən elə düşünürlər ki, konfet qutusu, hədiyyə nə qədər böyük olsa, demək, onun qiymətinin bir o qədər də baha və keyfiyyətli olacağını düşünürlər". Ekspert buna baxmayaraq, artıq avrointeqrasiya nəticəsində insanların düşüncələrində də dəyişikliklər baş verdiyini və bunun da yaxşı bir hal olduğunu qeyd etdi.
D.Rzayevin bu halın digər bir tərəfi isə Azərbaycanın şərq ölkəsi olduğu ilə əlaqələndirdi: "Ərəblər, farslar və bu kimi digər şərq ölkələri kimi azərbaycanlılar da insanlara geyiminə, maşınına, qızılına, var-dövlətinə görə qiymət verirlər. Qohum-əqrəbaya baxsaq, görmək olar ki, qohumlardan biri varlıdır. Ancaq buna baxmayaraq, heç kimə əl tutub kömək etməz, lakin hamı həmin şəxslə hesablaşır, ona hörmət edir. İmkansız qohumu isə saya salan, qapısını belə açan olmur". 
Ekspert onu da əlavə etdi ki, bu xüsusiyyət mentalitet, şərq təfəkkürü ilə bağlı olan bir haldır. 
D.Rzayevin toxunduğu daha bir məqam da oldu: "Hər hansı bir əlamətdar günlərdə, misal üçün, hədiyyə əvəzinə pul verirlər, bu pis bir şey deyil. Ola bilər, bu həmin şəxs üçün daha önəmlidir. Lakin əlamətdar günlərdə hədiyyə verməyi düşünərkən bunu faciə etmək lazım deyil". Ekspert onu da dedi ki, hədiyyə alarkən daxildən nə gəlirsə, onu da alıb hədiyyə etmək daha düzgündür. 
"Hədiyyə məcburiyyətdən doğmamalıdır. Misal üçün, bir neçə il öncə məzun gecəsinə hazırlaşan məktəbli digər rəfiqələri kimi bahalı paltar almağa imkanı olmadığından intihar etmişdi. Şərq bu təfəkkürlə yaşayır. Ancaq qərb təfəkkürü tamam fərqlidir. İnsana puluna, mal-dövlətinə görə qiymət verilmir". 
Dəyanət Rzayev bunu daxili komplekslə əlaqələndirdi. ""Məhz aldığı hədiyyənin ən böyüyü mənə məxsus olmalıdır" və s. kimi fikirlərdən irəli gəlir bu hallar. Bu komplekslərdən azad olmaq lazımdır, insan insana belə bir şeyə görə dəyər verməməlidir".
Məlum məsələdir ki, insanlar hədiyyə verməkdən çox, hədiyyə almağı sevirlər. Ekspert bunun da kompleksdən irəli gəldiyini bildirdi: "Hədiyyə almaq daha asandır. Çünki adətən hədiyyə verərkən, insan düşünür ki, görəsən, nə alsam, daha yaxşı olar. Adətən ona görə də məhz bir neçə nəfər yığışaraq, düşünüb, hədiyyəni müştərək alırlar. Çünki belə daha asan və daha rahat olur".

Mənbə: Milli.Az

 

23 dekabr 2014
GO BACK