2014-cü ilin son iki-üç ayı ərzində Azərbaycan paytaxtında mənzil bazarında qiymətlər 1-1,5 faiz ucuzlaşıb. Bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
İbrahimovun qeyd etdiyi kimi, torpaq və kommersiya obyektləri bazarında başqa vəziyyət müşahidə olunur. Belə ki, burada torpaq sahələrinin qiymətlərində cüzi artımdan əlavə, qiymətlərdə artıb-azalmalar, demək olar ki, yoxdur: "Ötən il mənzil bazarında qiymət artımı 24 faiz, 2014-cü ildə isə 14 faiz təşkil edib. Belə qiymətlər potensial alıcılar üçün əlçatan deyil. Alıcıların, demək olar ki, yarısı bu bazara gedir. Hazırda bu seqmentdə qiymətlərə təzyiq müşahidə olunur və mütəmadi artım gedir".
Ekspertin sözlərinə görə, qiymətlərdə azalma Rusiya və Ukraynada baş verən proseslərdən qaynaqlanır: "Rusiya və Ukraynada iqtisadi vəziyyətin pisləşməsi ona gətirib çıxarıb ki, Azərbaycana pul kütləsinin axını azalıb. Ötən il və bu ilin birinci rübündə yerli daşınmaz əmlak bazarına Rusiya investisiyalarının həcmi 6-10 faiz təşkil edirdisə, son 3-4 ay ərzində onun payı faktiki olaraq sıfıra enib".
İbrahimovun fikrincə, gələn il üçün gözləntilərə gəlincə, 2015-ci ilin birinci yarısında xüsusilə mənzil seqmentində qiymətlərin ucuzlaşması davam edəcək, ilin ikinci yarısından isə qiymətlər sabitləşməyə başlayacaq.
Rusiya rublu geosiyasi risklərin və neftin qiymətlərinin düşməsinin fonunda kəskin azalıb. Son bir ay ərzində Moskva birjasında hərracların gedişində dollar 80,10 rubla, avro isə 100,74 rubla qalxıb.
Mənbə: Milli.Az