Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Finlandiyanın Espoo şəhərində yaşayan 11 yaşlı soydaşımız, skripkaçı Emil Deniz Hartikainen Namazov tanınmış pop və rok ulduzları ilə birgə konsert proqramında çıxış edib. Kiçik yaşlı soydaşımızın qatıldığı “Kids Rock” konsert proqramı Finlandiyanın “Nelonen” televiziya kanalı ilə yayımlanıb.Altı yaşından skripka çalan E.Namazov yaşadığı Espoo şəhərində musiqi təhsili alır və tanınmış musiqiçi Grazyni Zeranska-Gebertin şagirdidir. Azyaşlı olmasına baxmayaraq, Emil artıq bir neçə musiqi yarışmasının qalibidir. 2011-ci ildə Helsinkidə keçirilmiş musiqi müsabiqəsində 1-ci yerə, 2013-cü ildə Estoniya paytaxtında təşkil olunmuş “Gənc musiqiçilər” beynəlxalq müsabiqəsində 2-ci yerə layiq görülüb. Bu il isə Emil Litvada keçirilmiş və bir çox dövlətlərdən gənc istedadların qatıldığı beynəlxalq musiqi festivalında iştirak edib.Qeyd edək ki, 11 yaşlı skripkaçı E.Namazov vaxtaşırı Finlandiyada təşkil olunan konsertlərə dəvət olunur. “Kids Rock” konsertinin təşkilatçısı “Pelastakaa Lapset” xeyriyyə cəmiyyəti Emili öz proqramlarına dəvət edir, hətta ötən il təşkilat musiqiçiyə skripka hədiyyə edib.
Mənbə: Milli.Az