Qadin.NET / Səfirimizdən ermənilərə cavab

Səfirimizdən ermənilərə cavab

 

 

2014-cü ilin 5 dekabr tarixində Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin “Clarin” qəzetində dərc olunmuş məqaləsinə cavab olaraq Ermənistanın Argentinadakı səfiri Vahagn Melikiyan və Argentinanın erməni icmasının liderlərindən olan Daşnaqsütun partiyasının siyasi bürosunun üzvü Mario Nalpatianın həmin qəzetdə məktubları dərc olunub. Milli.Az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, öz məktublarında erməni nümayəndələri Ermənistanın Azərbaycana qarşı təcavüzünü ört-basdır etmək üçün münaqişənin mahiyyətini təhrif edib və Azərbaycana qarşı yalan və təxribatçı fikirlər səsləndiriblər. Bunlara cavab olaraq, “Clarin” qəzetinin 21 dekabr tarixli buraxılışında Məmməd Əhmədzadənin yeni cavab məktubu dərc olunub. 
Məqalədə Ermənistanın Azərbaycana qarşı işğal və təcavüz həyata keçirdiyi, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən öz təcavüzünü ört-basdır etmək üçün qondarma rejimin yaradıldığı qeyd edilib. Səfir bildirib ki, Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və danışıqlarda Ermənistanın iştirak etməsi münaqişə tərəfinin məhz Ermənistan olmasının ən elementar göstəricisidir. 
“Azərbaycanın konstruktivliyi onun ATƏT-in Minsk Qrupu çərçivəsində uzun illərdən bəri gedən və Ermənistanın qeyri-konstruktivliyinə görə hələ də nəticə verməyən danışıqlar prosesində iştirakıdır”. Qlobal Hərbiləşdirmə İndeksinə görə, dünyada 3-cü ən çox hərbiləşdirilmiş ölkə olan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış Azərbaycanın öz müdafiə sektorunu gücləndirməsi tam qanunauyğun haldır.
“Azərbaycan konstitusiyanın aliliyini əsas tutan hüquqi dövlətdir. Ermənistana münasibətdə demokratik prinsiplərdən danışmaq çox gülüncdür, ən azı, ona görə ki, bu ölkə qonşusuna hərbi təcavüz edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını pozur”. 
Onun sözlərinə görə, Ermənistandakı hərbi-oliqarxik repressiv diktatura rejiminin rəhbərləri əvvəllər Dağlıq Qarabağdakı separatçılara rəhbərlik edib, azərbaycanlı mülki əhaliyə qarşı qətliamlar, o cümlədən Xocalı soyqırımını törədib. Sonradan isə Ermənistanda öz dinc vətəndaşlarına qarşı qətllər və terror həyata keçirərək hakimiyyəti qəsb etmiş və Ermənistanı dünyada ən geridə qalmış ölkələrdən birinə çevirmiş şəxslərdir.

Mənbə: Milli.Az

22 dekabr 2014
GO BACK