Yeni İl bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün qurumlar gücləndirilmiş iş rejimində işləyəcək.
Ayın 31-dən etibarən abonentlər su baxımından heç bir qıtlıq yaşamayacaqlar. Çünki bayram günündən etibarən Azərsu Açıq Səhmdar Cəmiyyəti abonentlərin fasiləsiz su ilə təmin olunması və heç bir problem yaşamamaları üçün gücləndirilmiş iş rejiminə keçəcək. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, abonentlər bayram günlərində hər hansı bir problemlə qarşılaşarsa, o zaman qaynar xəttə zəng vurmaqla müraciət edə bilərlər.
“Əgər hər hansi bir problem olarsa 455 qaynar xəttimizə abonentlər zəng vura bilərlər. Bütün gün xəttimiz açıqdır. Biz inanmırıq ki, hər hansi bir problem olsun. Ola bilsinki kiçik bir problemlər olsun. O zaman da biz insanlara kömək etməyə hazırıq”, - deyə qurum rəsmisi qeyd edib.
Bayram günlərində enerji baxımından da abonentlər heç bir problemlə qarşılaşmayacaqlar. Qurum növbətçilik əsasında işləyəcək. Bakıelektrikşəbəkə ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirir ki, abonentlər problem olsa qaynar xəttimizə zəng vura bilərlər: “Bütün işçilər növbəli şəkildə işləyəcəklər. Əlavə avadanlıqlarımız var və hazırlıqlar görülüb”.
Gücləndirilmş iş rejimində işləyən digər bir qurum isə Azəriqaz İstehsalat Birliyidir. Qurumdan bildirdilər ki, əgər bayram günlərində hər hansı bir problem olarsa, o zaman istənilən vaxt Azəriqazın qaynar xəttinə müraciət edə bilərlər. Azəriqaz İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayi qeyd edib ki, 104 qaynar xətti hər zaman açıqdır. İstənilən vaxt kim istəsə zəng vura bilər. Abonentər, həmiçinin yerli qaz istismar idarələrinə də müraciət edə bilərlər”, - deyə Azəriqaz rəsmisi bildirib
Qeyd edək ki, gücləndirilmiş iş rejimi ayın 7-nə qədər davam edəcək.