Artıq Azərbaycanda valideynlərin övladlarına məktəbdən kənar müəllim “tutmalari” dəb halını alıb. Hətta maddi imkanları məhdud ailələr belə “çörək pulundan” kəsib ayda “N” manat balalarının daha yüksək səviyyədə təhsil almaları üçün ayırırlar. Dindar ailələr də istisna deyil.
Yaşadığımız zəmanənin son illər ərzində formalaşmış ən populyar şüarlarından biri də valideynlərin övladlarına xitabən səsləndirdikləri “oxu, adam ol, əlin çörəyə çatsın!” şüarıdır. Əlbəttə ki, Peyğəmbərimizin (s) “Elm Çində də olsa, ardınca gedin” hədisini əsas götürərək uşaqları təhsilə həvəsləndirmək strategiyasını bu istiqamətdə qurmaq olar. Amma dindar ailələr bəzi nüanslara xüsusi diqqət yetirməli, formalaşmaqda olan insan xarakterində gələcəkdə fəsada səbəb ola biləcək cizgilərin əmələ gəlməməsi üçün səhvə yol verməməlidirlər.
Əvvəla, uşaq anlamalıdır ki, təhsil almaq, elmlənmək bəzilərinin dedikləri kimi varlanmaq, dünya malına sahib olmaq və sonra da nəticədə nəhəng villalar tikdirmək, ilin 11 ayını Avropa kurortlarında keçirmək, ən son model avtomobillərlə Bakı küçələrində yol hərəkəti qaydalarına məhəl qoymadan şütümək üçün deyil. Təhsil almaq, elmli müsəlman olmaq İslamın, yəni Allahın bizdən istədiyidir. Elmsiz müsəlmanın İslamı təbliğ etmək cəhdi korun karvanbaşı olmasına bənzəyir. İslamın təbliği isə müsəlmanın əsas vəzifələrindən biridir.
Eyni zamanda, dindar ailədə yetişən yeniyetmə anlamalıdır ki, onun axirətdəki mövqeyi bu dünyadakı əməlləri, ibadətləri ilə bilavasitə bağlıdır. Normal ibadət etmək üçün isə normal yaşam tərzi olmalıdır. Uşaq anlamalıdır ki, gecə sübhə qədər Bakının küçələrini dolaşıb zibil qutularını boşaldan vətəndaşın kamil şəkildə gecə namazı qılma şansı faktiki olaraq sıfıra bərabərdir. Bunun öhdəsindən kimsə gəlirsə də, bu bir qayda deyil, istisnadır. Lakin burada bir həssas məqama diqqət yetirilməlidir. Ata-ana övladına belə nümunələr gətirməklə qətiyyən halal yolla ruzi qazananları aşağılamamlı, əksinə, onların Allahın bəyəndiyi əməli icra etdiklərini başa salmalıdırlar. Yəni valideyn övladına təhsilin vacibliyini anlatmaqla yanaşı, həm də halal-haramlara riayət etmənin vacibliyini izah etməlidir. Uşaq anlamalıdır ki, o hazırda bəlkə də həyatının, hətta axirətinin ən məsuliyyətli seçimi qarşısındadır: təhsil və savadla yaşamaq, yoxsa...
Artıq yaxşını pisdən ayırmağı bacaran şagirdə izah olunmalıdır ki, o, demək olar, “İslamın kiçik rəmzidir”. Yəni sabah, bəlkə də elə bu gün ona nəzər salıb İslam, müsəlmanlar haqqında fikir yürüdənlər var və olacaq da. Savadsız birinə baxıb heç kim “mən də ona bənzəmək istərdim” söyləməz. Yaxud savadsızı heç bir valideyn öz övladına nişan verib “kaş sən də belə olaydın!” deməz. Artıq yeniyetmə çağında övlada bunu izah etmək, onun anladığı səviyyədə anlatmaq, boynunda hansı məsuliyyət daşıdığını aydınlaşdırmaq zəruridir
Sonda isə xatırlatmaq istərdik ki, Qiyamət günü hər bir valideyn övladına necə, hansı üsullarla tərbiyə verməsi barədə sorğu-sual olunacaq. Bu səhnəni heç vaxt unutmamalı, övladlarımızı elə böyütməliyik ki, həm onlar, həm də biz dünya və axirət peşmanlığı çəkməyək.
P.S. "İlahi! Onları tərbiyə etməkdə və yaxşılaşdırmaqda mənə yardım elə" (İmam Səccadın (ə) övladları üçün etdiyi duadan)