Həftənin bazar ertəsindən Azərbaycanda ilk dəfə olaraq işıq lazer şousu olacaq. Bu işıq lazer şousu dekabrın 22-dən başlayacaq.
Milli.Az xəbər verir ki, ANS PRESS-ə açıqlamasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov artıq hazırlıq işlərinin tamamlandığını deyib. Onun sözlərinə görə, bulvarda 60-80 yaşı olan şam ağacları var ki, onlar xüsusi bəzəklərlə bəzədilib.
Ətrafda dirəklərin üzərində işıq projektorları quraşdırılıb. Bu işıq lazer şousu dekabrın 22-dən yanvarın 10-na kimi axşam saat 18:00-dan gecə 02:00-dək davam edəcək. Ağacların üzərinə işıqlar verilərkən füqurların, güllərin hərəkəti, maraqlı kompozisiyalar, yəni Yeni il şənliklərinə aid maraqlı süjetlər yaradılacaq.
N.Məcidov bu il Yeni il günü möhtəşəm atəşfəşanlıq olacağını da deyib. "Azərbaycanda hələ belə atəşfəşanlıq olmayıb. Fransadan gətirilən atəşfəşanlığın avadanlığı, fişənglər sayca daha çox olduğu üçün şəhərin hər yerindən görünəcək".
Artıq İtaliyadan alınan iki karuselin hissələri də Bakıdadır. İdarə rəsmisinin sözlərinə görə, bu karusellər Bakı bulvarındakılardan daha müasir, böyük, yüksək texnologiyalarla hazırlanıb. “Maderik” adlanan karuseldə 20 nəfər əylənə bilər. Karusel hündürlüyə qalxaraq öz oxu ətrafında 360 dərəcə fırlanır.
Digər karusel də böyük bir nəlbəki formasındadır. Burada insanlar qarşı-qarşıya oturur, "nəlbəki" hərəkət edərək çox hündürlüyə qalxır. Buna oxşar karusel əvəllər bulvarda olub. Lakin istehsal müddəti bitdiyi və səs-küylü olduğu üçün ərazidən çıxarılıb.
Yeni karusellərin dekabrın 27-si və ya 28-i istifadəyə veriləcəyi gözlənilir.
Mənbə: Milli.Az