Bərdədə Müdafiə Nazirliyinin və Bərdə Rayon Gənclər İdman İdarəsinin təşəbbüsü ilə yeniyetmələrin vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində tədbir keçirilib. Bərdə, Ağdam, Tərtər rayonlarından olan məktəblilər xidmətdə fərqlənən hərbçilərlə görüşüb. Daha sonra cəbhə xəttində yerləşən hərbi hissələrdən birində yeniyetmələrə təlim keçirilib.
ANS TV-nin məlumatına görə, Bərdə, Ağdam, Tərtər rayonlarından olan məktəblilər bu gün özlərini sözün əsl manasında döyüş meydanında hiss etdilər. Orduda olan müasir silah və texnika ilə yaxından tanışlıq şagirdlərin böyük marağına səbəb oldu. Həmçinin onlar kəşfiyat dəstəsinin manevrinin, görünmədən düşmən mövqelərinin arxasına keçmə əməliyyatlarının canlı şahidi olmaq şansı qazandılar.
Daha sonra məktəblilərə müxtəlif silahlardan hədəflərin necə məhv edildiyi göstərildi. Atəş açmaq növbəsi yeniyetmələrə çatdı.
Məktəblilər komandalar üzrə atəş əmrlərini yerinə yetirdi. Bərdənin Gərənə kənd orta məktəbinin 10-cu sinif şagirdi Arzuman Əzimzadə tapşırılan hər üç hədəfi dəqiqliklə vurduqdan sonra sevincini bizimlə də bölüşdü. Hərbi hazırlıq dərslərində təlim silahlarından atəş hazırlığını öyrəndiyini deyən Arzuman ilk dəfədir həqiqi silahdan atəş açdığını deyir. 16 yaşlı gəncin ən böyük arzusu isə hərbiçi olmaqdır.
Təlimlərdə fərqlənən şagirdlər isə mükafatlandırıldı.