Yeni ilə sayılı günlər qalır. Bayramda insanları hər şeydən əvvəl bayram süfrəsinin qurulması düşündürür. Bayramqabağı qiymətlərin artacağını düşünənlər alış-verişi tez etmək istəyirlər.
ANS PRESS-in məlumatına görə, hazırda bazarlarda qiymətlərdə elə də artım yoxdur. Yeməklərin şahı, süfrələrin bəzəyi olan plov üçün lazım olan ərzaqların qiyməti belədir.
Kişmiş 3,5-4 manat, turşu 3-4 manat, ərik 5-7 manat, şabalıd 3-6 manat, düyü 1 manat 80 qəpik.
Dana ətinin kilosu 8 manat, quzu əti 10 manatdır. Toyuq əti növündən asılı olaraq qiyməti 2-4 manat arasında dəyişir.
Tərəvəz məhsullarından soğanın qiyməti 50 qəpik, kartofunku isə 80-qəpikdən 1 mant 50 qəpiyə qədərdir. Pomidor və xiyarı 1 manat 50 qəpiyə almaq olar.
Meyvələrə gəlincə, bazarda satışa çıxarılan almanın çeşidi daha çoxdur. Qiyməti isə 50 qəpikdən 1 manata qədərdir. Naringi 1-1,5 manata, apelsin, banan və armudun qiyməti isə 2 manat civarında dəyişir. Nar və heyvanı 1-2 manata almaq olar.
Satıcılar deyir ki, hazırda kənd təsərrüfatı məhsullarının satışı marketlərdə də həyata keçirildiyindən bazarlarda alıcı qıtlığı yaşanır.
Alıcıların fikri isə müxtəlif oldu. Onlar həm bazarlardan, həm də qiymətlərdən razıdırlar.
Kənd təsərrüfatı nazirliyi bahaçılıqdan şikayətlənən alıcıları nəzərə alıb Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 27-31 dekabr tarixlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarını keçirəcək. Yarmarkalar paytaxtın Xətai, Nəsimi, Yasamal, Nərimanov, Səbail, Suraxanı, Binəqədi rayonlarında 7 ünvanda təşkil olunacaq.
Bu bayram yarmarkalarında əvvəlkilərdən fərqli olaraq satışa çıxarılan məhsulların çeşidi və miqdarı çox olacaq. Həmçinin 60-a yaxın rayondan gətiriləcək kənd təsərrüfatı məhsulları ilə yanaşı sahibkarlar da öz ərzaq məhsullarını yarmarkada satışa çıxara biləcəklər.
Yarmarkalarda nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.