Qadin.NET / Ağır çantaların əsəri: çiyin və bel ağrıları

Ağır çantaların əsəri: çiyin və bel ağrıları

 

 

Qadınlar üçün çanta onların heç vaxt imtina edə bilməyəcəyi bir əşyadır. Kiminə görə çanta, sadəcə, geyimi tamamlayan aksessuardır. İçərisində bir və ya iki əşyanın olması kifayətdir və çanta qadının daha tərzli görünməyi üçün yetərlidir. Kiminə görə isə çantanın funksiyası əşyaları daha rahat bir şəkildə daşımaqdır və bu səbəbdən iri, çoxtutumlu olması vacibdir. 
İstənilən halda hər bir qadının qarderobunda mütləq iritutumlu çantası var və zaman-zaman qadınlar elə iritutumlu çantalar daşımaq məcburiyyətində qalırlar. Bel, boyun və çiyin ağrılarının yaranma səbəbi də elə bu çantalardır desək yanılmarıq. Çiyindən asılan hər hansı bir yükün müəyyən bir ağırlığı olmalıdır ki, bu ağırlığa insan bədəni rahatlıqla dözə bilsin. Bəzən qadınlar çantalarını o qədər yükləyirlər ki, çantanın ağırlığı bu normanı keçir və bel üçün əlavə yük halına gəlir. Belə olan halda mütəmadi olaraq çiyində gəzdirilən çanta bir müddətdən sonra ağrı və ağırlıq verməyə başlayır. Gündəlik olaraq bu yükün də daşınması onurğa sütununa müəyyən yük yüklədiyindən bir müddət sonra daimi davam edən ağrıların baş qaldırması normal hal olur. 
Ortoped Mahmud Haciyevin sözlərinə görə, bu gün qadınların əksəriyyətində yaranan bel və çiyin ağrıların birinci səbəbi elə ağır çantalardır. Valideynlər azyaşlı uşaqlarının məktəb çantalarının ağırlığından nə qədər şikayət etsələr də nəzərə almalıdırlar ki, özləri də eyni halın qurbanı olurlar. Yaşın artması o demək deyil ki, insan sümükləri kifayət qədər möhkəmlənib və onlara bu cür yüklər təsir etmir. Əksinə, daimi olaraq daşınan belə çantalar ağrını xronikləşdirir və insan artıq ağrıya da vərdiş etməyə başlayır: "Hazırda dünyada 20% qadın bel və kürək ağrılarından şikayət edir. Bu qadınların yarı faizində gizli skalioz olduğundan onurğa əyriliklərinin dərəcəsinin artmasında yükdaşımanın rolu böyük olur. Bir qadının çantasını boşaltdıqda içindən təqribən 3 kilo, hətta daha artıq bir yükün boşalması real haldır. 
Nəzərə alın ki, daimi olaraq eyni çiyində bu yükün daşınması zamanı insan qeyri-ixtiyar çantanı daşıdığı istiqamətə əyilmiş olur. Bir müddət sonra kürək bu əyilməyə meyl edir və baxırsınız ki, oturuş, yeriş, hətta, yatış pozisiyası da eyni istiqamətə meyllənmiş olur. Çanta gün ərzində 1-2 saat daşınarsa o zaman problem yoxdur, amma nəzərə alaq ki, heç bir qadın sadəcə 1-2 saatla kifayətlənmir. Çiyinin daşıdığı yükə əlavə olaraq qadınların ev işləri, pərdə asmaq, ev təmizləmək və s. kimi güc tələb edən işləri də daxil olur və sümüklər normadan çox yüklənir. Sağlam kürəkdə heç bir fiziki işdən sonra küt və narahatedici ağrı yaranmaz. Əgər günün sonunda çiyinlər bədənə ağırlıq edərsə, ağrı verərsə, bel-boyun nahiyələrində sızıltı olarsa, bu o deməkdir ki, artıq bədən həyəcan siqnalı verir". 
Ağrıların növlərindən danışan ortoped bildirir ki, təkçiyinli olan çantaların ikiçiyinli olan çantalarla müqayisədə vurduğu zərər daha böyükdür. Fərqli model çantaların yaratdığı fərqi ağrılardan qurtulmağın yeganə yolu çantalardan imtina etməkdir. Məsələn, yaranan bel ağrıları uzun ipli çantalardan qaynaqlanır. Çünki çanta mərkəzə düşməli olan ağırlığı insanı geri itələyərək belə salır və insan gövdədən yuxarı olan bütün ağırlığı belində yük kimi gəzdirir. Xüsusilə boyun artma ərəfəsində, azyaşlılarda bu cür təktərəfli çantalar bir tərəfə meyllilik, onurğa xəstəliklərinə gətirib çıxarır: "İnsan öz ağırlığının 10%-ə qədər çanta daşıyırsa, bu, artıq ağırlığın başlanğıcı hesab oluna bilər. Normal ağırlıq 10%-i keçməyəcək qədər olmalıdır. İstifadə olunan çantaların ipləri qalın və yumşaq olarsa, bu, çiyin əzələ və sinirlərini sıxmaz, qan dövranını rahatlaşdırar və onurğaya düşən yükü azaldar. Çantaların ağırlığına gəlincə, 2 kilodan artıq yük, ümumiyyətlə, daşınmamalı, daşınacaqsa belə hər 10 dəqiqədən bir çiyin mütləq dəyişdirilməlidir". 
Hündürdabanlı ayaqqabılarla ağır çantaları kombin edilərək geyinilməsinin onurğa üçün bərpa olunmayası dərəcədə zədələr yaratdığını deyən həmsöhbətimiz qeyd edir ki, xanımlar bu yükün birindən - ya çantadan, ya da ayaqqabıdan imtina edərək mütləq qurtulmalıdırlar. Hündür daban ayaqqabıların özlüyündə təkbaşına onurğa üçün zərbə olduğunu qeyd edən M.Hacıyev bir də ağır çantaların əlavə olunmasını bədən üçün real risk sayır: "İki zərbə birlikdə onurğaya vurulur, üstəlik gün boyu hərəkət və yenidən çanta daşıma halında onurğa normal həyatda 4 aya yüklənə biləcəyi yükə 1 günə yüklənir. Mütəmadi olaraq təkrarlanan eyni halın ardından gövdədən yuxarı yarana biləcək bütün ağrıların səbəbi sadəcə çantalar və ayaqqabılar olur. Məcbur olduqca çanta və əlavə əl çantasına yükləri paylamaq, bir əlində bir, digər əlində isə ikinci çanta əvəzləyicisini daşımaq daha məsləhətlidir". 

Mənbə: Milli.Az

19 dekabr 2014
GO BACK