"Miqrantlar kütləvi şəkildə Rusiyanı tərk etməyə başlayıb. Buna səbəb isə rublun zəifləməsi və miqrantlara rus dili üzrə pullu testdən keçmək tələbidir".
ANS PRESS-in məlumatına görə, bunu Rusiya Miqrantları Federasiyasının rəhbəri Məhəmməd Amin deyib. O bildirib ki, Yeni İldən sonra 25 faizdən çox miqrant Rusiyanı tərk etməyi və öz fəaliyyətini başqa ölkələrdə davam etməyi planlaşdırır.
Federasiyanın rəhbəri qeyd edib ki, miqrantların ölkədən qaçmasına səbəb hazırki iqtisadi vəziyyət və yanvarın 1-dən miqrantlarla bağlı qüvvəyə minəcək sərt qanunlardır. M.Aminin fikrincə, Rusiyada qalmış miqrantlar arasında isə qeyri-qanuni yaşayanların sayı kəskin artacaq.
Tacik İşçi Miqrantları Hərəkatının lideri Karomat Şaripov taciklərin Rusiyadan getmək niyyətində olduqlarını bildirib:
"Belə tendensiya var və bu, yalnız rublun qeyri-sabit olması ilə bağlı deyil. 2015-ci ilin 1 yanvarından miqrantlar haqqında qanun qüvvəyə minəcək və bu qanun taciklərin cibinə görə deyil. Çox tacikin öz vətənində yüksək faizlə kreditləri var. Bu kreditlər dollarla olduğu üçün miqrantlara Rusiyada çalışmaq sərf etmir", - deyə Şaripov söyləyib.