Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama və xanımı Mişel Obama ölkədə irqçilik söz-söhbətinin baş qaldırdığı bir vaxtda “People” jurnalına müsahibə verib. ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti və xanımı məşhur jurnala irqçiliklə bağlı olduqca maraqlı xatirələrini danışıb. B.Obama bildirib ki, prezident seçilməmişdən əvvəl tədbirlərdə bir neçə dəfə onun ofisiant olduğunu düşünüblər. “Bir dəfə kostyum və qalsuk geyilməsi vacib olan ziyafətlərdən birində idim. Qonaqlıqdakılardan birinin yanından keçərkən məndən kofe gətirməyimi xahiş etdi. Oradan çıxdıqdan sonra isə avtomobilimin gətirilməsini gözləyirdim ki, elə bu vaxt yeni təşrif buyuran qonaqlardan biri məni maşın parkinq edən xidmətçi zənn edərək əlimə açarı atıb getdi”, deyə ABŞ prezidenti qaradərililərə olan münasibəti dilə gətirib. Mişel Obama isə ABŞ-ın “first lady”si olduqdan sonra da onu tanımayanların, hətta mağazaların birində satıcı olduğunu düşünənlərin olduğunu etiraf edib. Onların sözlərinə görə, bu kimi hallar afroamerikalılar üçün adi bir vəziyyətdir və onlar buna öyrəşiblər. Qeyd edək ki, məşhur cütlük, sonda eyni hadisələri bir daha yaşamaq istəmədiklərini də vurğulayıblar.
Mənbə: ANS PRESS