Almaniyada yaşayan bənna görünməmiş ilkə imza atıb. ANS PRESS-in məlumatına görə, usta plastik butulkalardan ev tikərək dünyada səs-küyə səbəb olan yenilik edib.
Andres Froes adlı usta su butulkalarının içərisinə palçıq və daş parçaları doldurur. Daha sonra onları bir-birinə bağlayır. Onları sementlə bərkidib ev tikir.
Alman usta Andres Froes deyir ki, inşa etdiyi plastik ev həm təbiəti qorumaq, həm də ucuz yaşayış yeri kimi mükəmməldir. Andres Froes bununla imkansız şəxslərə ucuz ev tikir.
“İlk baxışdan buna inanmırlar. Maraqlananlar çoxdur. Ona görə də, tikinti yerinə axın çox olur. İnanılması çətin olsa da, mən evi adi plastik qablardan və daşlardan tikirəm. Bu həm evi möhkəm, həm də zərbəyə davamlı edir. Zəlzələyə və torpaq sürüşməsi zamanı bu evlər daha təhlükəsiz olur”, - deyə Andres Froes bildirib.
Andres Froes bildirib ki, bu layihə dünyada təsdiq olunsa və tətbiq olunmağa başlasa iqtisadiyyatda çox uğurlu bir addım atılacaq. Bu layihə zamanı bir çox işsiz insanlar da pul qazana bilərlər.
“İşləmək qabiliyyəti olmayan insanlar da bu tikinti zamanı faydalana bilərlər. Onlar plastik qabları toplaya bilərlər. Həm də zibilliklərdə təmizlənmə işləri aparılar. Eyni zamanda təbiətin çirklənməsinin qarşısı alınar. Taxta məmulatlarına da qənaət etmiş olarıq”, - deyə Andres Froes bildirib.
Mənbə: Milli.Az