Qadin.NET / Qolu saymayan hakim cəzasını almalıdır

Qolu saymayan hakim cəzasını almalıdır

 

Qolu saymayan hakim cəzasını almalıdır

“Qarabağ” futbol klubu ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edir. ANS PRESS-in məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən gün “Qarabağ” futbol klubunun üzvlərini qəbul edərkən çıxışında səsləndirib.
Prezident qeyd edib ki, “Qarabağ” futbol klubunun üzvləri neçə ildir ki, azarkeşləri sevindirir və Azərbaycan bayrağını uca tutur. Onun sözlərinə görə, futbolun inkişafı Azərbaycanda dövlət siyasətidir, Dövlət Proqramı qəbul edilib. Əminəm ki, gələcək illərdə Azərbaycanda futbol daha da sürətlə inkişaf edəcək.
"Futbolçularımız bizi tez-tez sevindirirlər. Ancaq gözəl anlar da kifayət qədər çoxdur və “Qarabağ” futbol klubu o klublardandır ki, bu anları xalqımıza bəxş edir. Bu münasibətlə mən sizi həm təbrik etmək, həm də təşəkkürümü bildirmək istəyirəm. Çünki sizin uğurlu çıxışlarınız, qələbələriniz azarkeşləri ruhlandırır, sevindirir. Siz xalqımıza qələbə sevinci də bəxş edirsiniz. Xüsusilə son yarışlarda, Avroliqadakı yarışlarda sizin oyunlarınız ən yüksək qiymətə layiqdir. Sizin qrupunuzda yarışan klubların büdcəsi sizinkindən qat-qat böyükdür, bəlkə 10 dəfədən çoxdur. Ancaq həyatda, idmanda, siyasətdə maliyyə vəsaiti hər şeyi həll etmir. Sizdə vətənə olan bağlılıq, vətənpərvərlik, peşəkarlıq və iradə bax, bu qələbələri şərtləndirib. Siz bütün komandalarla çox uğurlu yarışmısınız, qələbələr qazanmısınız. Hər kəs – həm Azərbaycanda, həm də dünyada futbolla maraqlanan hər bir insan yaxşı görür və bilir ki, siz böyük qələbələrə layiq idiniz. Ancaq bu qələbələr sizin əlinizdən vicdansızcasına alınıb. Bütün dünyanın gözü qarşısında bu qədər ədalətsizlik, bu qədər vicdansızlıq bəlkə də futbol tarixində nadir hallarda baş verir. Əlbəttə, bilirəm ki, siz də məyus olmusunuz, azarkeşlər də, Azərbaycan xalqı da. İlk növbədə, ona görə ki, siz bu qələbəyə layiq idiniz". 
Prezident futbolçularımızın “İnter” komandası ilə keçirilən oyunda çox gözəl mübarizə apardığıı deyib. "Qələbəyə layiq idiniz və qələbəni əldə etmisiniz. Bütün dünyanın gözü qarşısında təmiz qol vurmusunuz. Ancaq hakim briqadasının qeyri-peşəkarlığı, ya da ki, qərəzli münasibəti ucbatından o qol sayılmadı və beləliklə, sizin qarşınıza bir sədd qoyuldu. Bu, böyük ədalətsizlikdir. Ədalətsizliklə barışmaq həm həyatda, həm idmanda, həm də siyasətdə çox çətindir".
Dövlət başçısı ədalətsizliyin hələ dəmüxtəlif sahələrdə büruzə verdiyini təəssüflə qeyd edib: "Biz - gənc, müstəqil Azərbaycan dövləti də bəzi hallarda ədalətsizliklə, ikili standartlarla, ayrı-seçkiliklə üzləşirik. Bizim uğurlu inkişafımızı həzm etməyən, uğurlarımıza kölgə salmaq istəyən bəzi xarici dairələr var ki, Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq üçün ardıcıl şəkildə səy göstərirlər. Ancaq bu səylərin heç bir nəticəsi yoxdur. Çünki Azərbaycan öz yolu, müstəqillik, azadlıq, inkişaf yolu ilə gedir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Ancaq belə cəhdlər var. İkili standartlar göz qabağındadır. Əfsuslar olsun ki, indi ikili standartlar dünya siyasətinin standartlarına çevrilib. Biz isə öz yolumuzla gedirik. Amma bizim üstünlüyümüz ondan ibarətdir ki, başqa ölkələrlə, yaxud da ki, beynəlxalq təşkilatlarla münasibətlərimizi tənzimləyən heç bir hakim briqadası yoxdur. Biz bu mübarizədə öz sözümüzü deyirik və əksər hallarda qələbə bizimlə olur. Bu gün Azərbaycan reallıqları göz qabağındadır. Lakin hər tərəf alovlanır. Bölgədə, Avropada iqtisadi, siyasi, hərbi böhran, toqquşmalar, davalar, qanlı müharibələr gedir. Azərbaycan sabitlik adasıdır, inkişaf məkanıdır. Biz buna Azərbaycan xalqının zəhməti hesabına nail ola bilmişik. Heç vaxt bu yoldan dönməyəcəyik."
Dövlət başçısı "İnter"lə oyundakı haqsızlıqdan da danışıb: "İdmanda isə əfsuslar olsun ki, bəzi hallarda hakimlərin ədalətsiz qərarı həlledici olur. Mən idmanla yaxından maraqlanan, eyni zamanda, idmana rəhbərlik edən insan kimi dəfələrlə onun şahidi olmuşam ki, beynəlxalq yarışlarda, hətta fərdi idman növlərində də bizim idmançılarımıza qarşı ədalətsizlik göstərilib. Yenə də deyirəm, qələbə qazanmaq olar, məğlub olmaq olar. Bu, idmandır, heç kim sığortalanmayıb ki, o, məğlub olmayacaq. Əgər siz ədalətli mübarizədə məğlub olsaydınız, yaxud da ki, o qolu vurmasaydınız, heç kim heç nə deməzdi. Lakin belə oldu, gələn dəfə daha da yaxşı oyun nümayiş etdirmək olardı. Ancaq təmiz, halal qələbəni komandanın əlindən almaq böyük ədalətsizlik və idman aləmində cinayətdir. Ona görə hesab edirəm ki, bu cinayəti, idman cinayətini törətmiş hakim briqadası öz cəzasını almalıdır. Əks təqdirdə, bu, başadüşülən olmayacaq".
Prezident klub üzvlərini ilk növbədə son illərdə göstərdiyi oyunlara görə və xalqımızı da sevindirdiyi üçün dəvət etdiyini səsləndirib: "Digər tərəfdən, bilirəm ki, komanda üçün indiki dövr o qədər də asan dövr deyil. Çünki sizin bütün fikirləriniz artıq növbəti mərhələdə idi. O mərhələdə siz çıxış etməli idiniz. Bu qələbə sizdən vicdansızcasına oğurlanıb. Ancaq həyat davam edir. Bu ədalətsizlik sizi ruhdan salmamalıdır. Əksinə, sizi daha da çox ruhlandırmalıdır ki, qələbə əzmi daha da güclü olsun, növbəti yarışlarda Avropa idman ailəsinə bir daha sübut edəsiniz ki, “Qarabağ” futbol klubu böyük uğurlara imza ata və Azərbaycan futbolunu ləyaqətlə təmsil edə bilər."
"Klubun adı “Qarabağ”dır, bu da sizin üzərinizə əlavə məsuliyyət qoyur. Əminəm ki, gələcək illərdə siz bu gözəl adı şərəflə, ləyaqətlə daşıyacaqsınız və “Qarabağ” klubu Azərbaycan xalqını yeni qələbələrlə sevindirəcək. Sizə yeni uğurlar arzulayıram. Arzu edirəm ki, siz növbəti yarışlara yaxşı hazırlaşasınız. Bilirəm ki, klubda ab-hava da yaxşıdır. Məşqçi heyəti, klubun rəhbərliyi, oyunçular - siz bir ailə kimisiniz. Mən bunu da alqışlayıram", deyə prezident çıxışına yekun vurub.
Dövlət başçısı sonda bir daha klub üzvlərinə göstərdiyi uğurlar və nəticələr münasibətilə Azərbaycan xalqı adından təşəkkürünü bildirib və yeni qələbələr arzulayıb.

 

Mənbə: ANS PRESS

18 dekabr 2014
GO BACK