Qadin.NET / Ölüm dedikləri bir vüsal imiş

Ölüm dedikləri bir vüsal imiş

 

Hər il dekabrın 17-də Konyada “Şəbi-ərus” adlı Mövlana Cəlaləddin Rumini anma mərasimləri keçirilir. Mövlana 17 dekabr 1273-cü ildə Konyada vəfat etmişdir. “Şəbi-ərus” tərcümə edildikdə “vüsal gecəsi” mənasına gəlir. Çünki Mövlanaya görə, ölüm mömin üçün toydur, vüsaldır, Allaha qovuşmaqdır. 

Mövlana Cəlaləddin Rumi 1207-ci ildə bugünkü Əfqanıstan ərazisindəki Bəlx şəhərində doğulub. Atası Bəhaəddin Vələd bir sufi alimi olmuşdur. 1218-ci ildə monqol təhlükəsindən qorunmaq üçün bu ailə öncə Anadolunun Qaraman vilayətinə, daha sonra isə Konya şəhərinə köçür. Konyada bir çox tanınmış təsəvvüf alimlərindən dərs alan Cəlaləddin dövrünün ən görkəmli fikir ərbablarından biri kimi yetişir. 
Mövlananın fars dilində yazdığı 26 min beytlik “Məsnəvi” adlı əsəri təsəvvüf düşüncəsinin və həyat tərzinin aynası hesab edilir və yazıldığı vaxtdan əsrlər keçsə də, öz dəyərini bir zərrə qədər də itirməyib. “Məsnəvi” təsəvvüf insanının həyatının ən maraqlı məqamlarına işıq tutur, insana öz nəfsinin diktəsi ilə deyil, Allah rizası üçün yaşamağın yollarını öyrədir. 
Bu böyük fikir adamının əsərləri İslam dünyasında ən çox oxunan əsərlər arasında yer tutmuşdur. 600 ildən artıq bir dövr ərzində bütün məktəb və mədrəsələrdə Mövlananın əsərləri tədris edilmişdir. “Məsnəvi”, “Divani-kəbir” (böyük divan), “Yeddi məclis”, “Məktubat” əsərləri dünya ədəbiyyatının inciləri sırasında yer almaqdadır. Mövlana düşüncəsinin mərkəzində Allahın yaratdıqlarını sevmək, həm də Allahın rəğbətini, razılığını qazanmaq üçün sevmək (yaradılanı Yaradandan ötrü sevmək) prinsipi var. İnsanlar onu sevgi ümmanı adlandırmış, sevməyi ondan öyrənmişlər. Onun əsərləri, xüsusilə də “Məsnəvi” çox ibrətli, insana gerçəyi anladan misallarla doludur. 
Mövlana insanlara çox şey öyrətmişdir. Həm də onu öyrətmişdir ki, insan həyatını düzgün yaşaya bilsə, ölüm onun üçün toy-bayrama çevrilər. O bunu öz həyatı ilə sübut etmişdir. Belə ki, ölüm yatağında olarkən ailə üzvləri kədərlənib ağladığı halda, Mövlana özü fərəhlə “Allaha qovuşuram, Rəsulullaha qovuşuram” söyləmişdir.  
Səma ayinləri 
Mövlananın dühasının qaynağını harada axtarmalıyıq? Onda hikmət var, əxlaq var, din var, sənət, şəriyyət var. Bunların hansı Mövlana ruhunda yanan vulkanın mayasıdır? Kimi onu şeir-sənət ustadı, kimi təsəvvüfçü, kimi dindarlarla döyüşən davakar, kimi də hikmət adamı kimi dəyərləndirir, təqdim edir. Gerçək budur ki, Mövlanaya hansı bucaqdan baxırsan bax, o əsl din adamıdır. Dindardır, bir İslam vəlisidir və onun şəxsiyyətinin mərkəzində ilahi və islami eşqdən başqa bir şey yoxdur. 
Dinlə hər hansı əlaqəsi olmayan bəziləri Mövlananı dini müəssisələrlə mübarizə vəziyyətində gördükləri üçün onu din əleyhdarı kimi mənimsəyir və təqdim edirlər. Onlar bu vəlinin bir Allah yolçusu olduğunu anlamayaraq, onu şaman rahibi kimi saz çalıb oynayan bir sehrbaz sanmaqdan həzz alırlar. Özlərini dəhşətli şəkildə aldadan bu nəsibsizlər düşünmək belə istəmirlər ki, şama rəqsi ilə Mövlananın səma fırlanmaları arasında hər hansı əlaqə yoxdur. Bütün həyatı boyunca Mövlana sehrli ayinlərdən xoşlanmamış, uzaq durmuşdur. O, ayin və mərasimləri əsas götürən təriqətləri ittiham etmişdir. Onun səma fırlanmaları insanı vəcdə gətirmək üçün deyil, vəcdə gəlmiş insanın ruh halətinin təzahüratıdır. Səma fırlanmaları həm də vəcdə gəlmiş insanın çölünün içi ilə birləşməsi, bərabərləşməsidir, ruhla bədən arasındakı münasibətlərin məhsuludur. Allahla qarşı-qarşıya namaz qılan möminin rüku və səcdə hərəkətləri də eyni qanuna uyaraq, eyni şəkildə meydana gələn vəcd halındakı ruh qüvvəsinin vücudu hərəkətə gətirməsindən, öz arxasınca aparmasından başqa bir şey deyil. 
Səma ayini icra edən dərvişlərin bir əlini göyə, bir əlini yerə doğru tutması “Haqdan alıb xalqa vermək” kimi izah olunur.  
Məsnəvi
“Məsnəvi” ərəb sözüdür, lüğəti mənası “cüt-cüt”, “iki-iki”dir. Ədəbiyyatda isə hər beytdəki misraları öz arasında qafiyələnən irihəcmli şeir növüdür. 
Mövlananın “Məsnəvi”si isə bu ədəbi janrda zirvə sayıldığı üçün “məsnəvi” deyəndə ilk ağla gələn də həmin əsər olur. 6 hissədən və 25618 beytdən ibarət olan bu əsər və onun müəllifi haqqında Şərqin böyük söz ustadlarından sayılan Əbdürrəhman Cami həzrətləri belə yazır: “Mövlana kimi böyük bir təfəkkür insanının sahib olduğu mənəvi yüksəkliyi isbat etmək üçün “Məsnəvi” kifayətdir. O böyük insanın vəsfi və üstünlüyü haqda daha nə söyləyə bilərəm ki? O, peyğəmbər deyil, ancaq kitabı var”. 
“Məsnəvi” haqqında bu cür təriflərin səslənməsi ola bilər ki, oxucuların təsəvvüründə bu kitabın Qurani-Kərimlə yanaşı qoyulması, daha doğrusu, müqayisə olunması düşüncəsini doğursun və haqlı etirazlara səbəb olsun. Ancaq Mövlananın bu sözləri və “Məsnəvi”nin ruhu bu könül insanının nə qədər təvazökar, nə qədər fədakar, nə qədər Quran aşiqi, Peyğəmbər vurğunu olduğunu göstərir: “Mən Quranın quluyam, köləsiyəm. Mən Həzrəti-Məhəmmədin (sallalahu aleyhi və səlləm) ayağını basdığı yerin torpağıyam.” 
Osmanlı sultanlarından Yavuz Sultan Səlimin şeyxülislamlarından İbn Kamal həzrətlərinin bu ifadələri “Məsnəvi”nin dəyərini göstərən başqa bir nümunədir: “Mən röyamda rəsuli-əkrəm Həzrəti-Məhəmmədi gördüm. Əlində “Məsnəvi”ni tutaraq belə buyururdu: “Mənəviyyat sahəsində bir çox kitablar yazıldı, təsnif olundu, amma onların içində “Məsnəvi” kimi heç bir kitab yazılmadı”.
Məsnəvi bəzi ədəbiyyatşünasların dediyi kimi, sadəcə, didaktik əsər deyil, bu əsər tərbiyəvi xarakter daşımaqla yanaşı, həm də duyğulu, coşqun şeirləri ilə insanı eşqə, şövqə gətirən misilsiz poetik nümunədir. Bu əsəri yazmağa başlayanda Mövlana nə kimdənsə təklif və ya tələb alıb, nə hansı insandansa təmənnası olub, nə də kitabxanalara qapılaraq digər əsərlərdən faydalanmaq yolunu tutub. Bu misilsiz, tayı-bərabəri olmayan əsər Cənabi-Allahın Mövlana həzrətlərinin könlünə, ruhuna ərməğan etdiyi ilahi bir hədiyyədir. 
Mövlananın “Məsnəvi”sindən bir ibrətli rəvayəti təqdim edirik:  
Böyüklərin sözü sözlərin böyüyüdür. 
Mövlananın bir tələbəsi evlənir. Ustad da qalxıb öz tələbəsinin ailəsinə baş çəkmək, xeyir-dua vermək üçün onlara gedir. Mövlana öz tələbəsinin ehtiyac içində olduğunu görür və yardım etmək istəyir. Amma düşünür ki, bu yardımı da gərək elə versin ki, tələbənin qüruru zədələnməsin. Ona görə də bir qədər düşünəndən sonra belə deyir: 
- Osman, sən əvvəllər daha təvazökar idin, tez-tez mənim əlimi öpməyə gələrdin, amma indi, deyəsən, bir az dəyişmisən. 
Osman o andaca yerindən sıçrayıb qalxır və ustadın əlinə sarılıb öpməyə başlayır. Bu zaman Mövlana əlində tutduğu yardımı onun ovcuna basır, əyilərək qulağına belə deyir: 
- Bundan sonra ehtiyacın olan günlər əl öpmə günlərin olsun. Qətiyyən çəkinmə, həmən gəl. Mən əlimin öpülməyindən xoşlanıram. Necə deyərlər, böyüklərin adəti adətlərin böyüyüdür
Mənbə: MilliAz

 

17 dekabr 2014
GO BACK