Qadin.NET / Şəhidin medalı ailəsinə təqdim olunub

Şəhidin medalı ailəsinə təqdim olunub

 

Düşmənin həmləsini dəf edərkən qəhrəmancasına həlak olan əsgər Rüfət Fətəlizadənin  ölümündən sonra  təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal onun ailəsinə təqdim olunub. 
Milli.Az EL TV-yə istinadən bildirir ki, bununla əlaqədar bu gün Ağsu rayonundakı Şəhidlər xiyabanında mərasim keçirilib. Medal Rüfət Fətəlizadənin xidmət etdiyi hərbi hissənin rəhbərliyi tərəfindən şəhidin qardaşına təqdim edilib. Şəhidin xatirəsi ehtiramla yad edilib, məzarı üstünə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Mərasimdə bildirilib ki, ötən ilin yanvar ayında Ağsu rayonundan hərbi xidmətə çağırılan Padar kənd sakini, 1995-ci il təvəllüdlü Rüfət Nazim oğlu Fətəlizadə 2014-cü il avqustun 9-da Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Bildirilib ki, Rüfət kimi qəhrəman oğullarımızın qisası yerdə qalmayacaq və hər bir şəhidin xatirəsi daim uca tutulacaq.
Mənbə: Milli.Az

 

17 dekabr 2014
GO BACK