Qadin.NET / Yeni ildə uşaqlarımızı hara aparaq?

Yeni ildə uşaqlarımızı hara aparaq?

 

 

2015-ci il qapımızı döyməyə başlayıb. 2014 bir göz qırpımında gəlib-keçdi, artıq hər kəs 2015-ci ili qarşılamağa hazırlaşır. Yeni ilin gəlişinə isə daha çox uşaqlar sevinirlər. Niyə də sevinməsinlər? Axı bu bayram həm də onların sevimli personajları - Şaxta baba və Qar qızın gəlişi, eləcə də yolka, hədiyyələr, şənliklər deməkdir. Bir neçə həftədən sonra uşaqların, elə bir çox böyüklərin də səbirsizliklə gözlədiyi Yeni il şənlikləri başlayacaq. Yeni ildə övladlarınızı əyləndirmək üçün haraya aparmağı hələ də düşünürsünüzsə, biz sizə kömək edərik. Belə ki, budəfəki yazımızda mədəniyyət saraylarının Yeni il planlarını öyrənərək sizə çatdırmağı qərara aldıq.
Beləliklə, Yeni ilə hazırlaşan mədəniyyət ocaqlarımız uşaqları əyləndirmək üçün bir-birindən maraqlı repertuarlar vəd edir.
Hər qiymətə bilet tapmaq mümkündür...
Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Yeni il bayramı ilə əlaqədar Bakı bulvarının müxtəlif yerlərində 10 yolka quraşdırıldığını bildirdi. Onun sözlərinə görə, yolkaların 8-nin hündürlüyü 7-10 metrədək, 2-sinin hündürlüyü isə 20 metrdən artıqdır. Böyük yolkaların biri Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı meydançada, digəri isə yeni bulvarda – Əl Oyunları Sarayından Dövlət Bayrağı Meydanına qədər olan ərazidə quraşdırılıb. Hər bir yolkanın ətrafında bir Şaxta baba və bir Qar qız fəaliyyət göstərəcək. Onlar dekabrın 20-dən sonra fəaliyyətə başlayacaqlar. N.Məcidov onu da qeyd etdi ki, dekabrın 20-dən başlayaraq bulvarın bir hissəsində “işıq şou”su keçiriləcək. Bu şou təxminən yanvarın 5-dək hər axşam olacaq: “İşıq şousu çox maraqlı olacaq. Bulvardakı təbii şam ağacları cürbəcür bəzənərək işıqlandırılıb. Dekabrın 31-də isə bulvarda atəşfəşanlıq olacaq”.
Bakı Dövlət Sirkində isə dekabrın 26-dan “Fəvvarələrin qış nağılı” şousu başlanır. Sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov bizimlə söhbətində bu möhtəşəm lazer və sirk şousu üçün Bakı Dövlət Sirkinin səhnəsində xüsusi avadanlıq quraşdırıldığını açıqladı: “Proqrama lazer, sirk şousu ilə yanaşı, əfsanəvi personajlar, əhliləşdirilmiş heyvanlar, hava gimnastları, Şaxta baba, Qar qız və eləcə də rəngarəng nömrələr daxildir. Dünya sirk səhnələrinin ən maraqlı şouları ilk dəfə olaraq azərbaycanlı tamaşaçılara təqdim olunacaq. Həmçinin müasir texnologiyadan istifadə etməklə interaktiv nömrələr nəzərdə tutulub. Xüsusi süjeti olan bu proqramın davam etmə müddəti təxminən 2 saat 30 dəqiqədir. Yanvarın ortasınadək davam edəcək proqram müddətində gün ərzində 1, 2 və 3 seans təqdim olunacaq”.
Öyrəndik ki, “Fəvvarələrin qış nağılı” şousu üçün biletlərin qiyməti 8-15 manat arasında dəyişəcək. Məktəblilər Yeni il ərəfəsində, eləcə də qış tətili günlərində “Fəvvarələrin qış nağılı”na baxa biləcəklər.
Heydər Əliyev Sarayı da Yeni ildə uşaqları sevindirmək niyyətindədir. Belə ki, dekabrın 27, 28, 29 və 30 tarixlərində sarayda təqdim olunacaq “Sehrli Landiyada Yeni il” tamaşası uşaqlar üçün böyük maraq kəsb edəcək. Sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadə bizə açıqlamasında tamaşaçıların maraqlı bir şou ilə qarşılaşacaqlarını bildirdi: “Bizim saraya təşrif buyuran uşaqlar əfsanəvi Landiya, orada hədiyyə istehsal edən fabrik, özünün sehrli çubuğu ilə hədiyyə hazırlama prosesinə rəhbərlik edən kraliça Avelara ilə tanış olacaqlar. Lakin ən vacib anda, Yeni ilə bircə gün qalmış çubuq yoxa çıxır! Onu kim götürüb? Bəlkə, sadəcə itib?.. Tamaşaçılar vəfalı Xavyer, Landiyanın əsas şirniyyatçısı Pryana, Şrek, Fiona, Qar adamı Olaf və bir çoxları ilə də tanış olacaqlar. Sehrli çubuğu isə tapmaq lazımdır. Əgər Şaxta Baba uşaqlara hədiyyə gətirməsə, Yeni il bayramı baş tutmaz axı...”
Məlumat üçün bildirək ki, saat 12 və 15:00-da başlayacaq şənliklərin biletləri 5-30 manat arasında satışa çıxarılıb.
Anar Fərəczadənin sözlərinə görə, sarayın Yeni il şousu bununla bitmir. 2, 3 və 4 yanvar tarixlərində Heydər Əliyev Sarayında “Kosmik Yeni il” interaktiv tamaşası nümayiş etdiriləcək: “Zalım və güclü Dart Veyder açıq səmadan Yer istiqamətində qalaktikalararası gəmisi ilə gələrək Yeni ili insanlardan alıb aparmaq istəyir ki, onlar məyus olsunlar. O, Şaxta baba və Qar qızı, həmçinin Harri Potteri aldadaraq müdriklik simvolu olan “Fəlsəfə daşını” oğurlayır. Pəri Vinks, Dəmir Adam, Panda-Kunq-Fu, Hörümçək Adam, Betmen və Harri Potter köməyə gəlirlər. Nəzərinizə çatdırım ki, bu tamaşa da saat 12 və 15:00-da başlayacaq, biletləri də 5-30 manat arasında olacaq”.
2 manatlıq Yeni il şousu
Teatrlarımıza gəlincə isə, onların da Yeni il repertuarları biri-birindən zəngindir. Belə ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Yeni il bayramı münasibətilə uşaqlara şou hazırlayıb. Daim yeni proqramlar, tamaşa və əyləncəli konsertlərlə uşaqların görüşünə gələn teatrın yaradıcı kollektivi bu dəfə də ənənəsinə sadiq qalıb.
Teatrın ədəbi hissə dram müdiri Həmidə Rüstəmova bizimlə söhbətində dekabrın 26-dan yanvarın 4-dək uşaqların əsl Yeni il əhvalında, bayram təntənəsində bir tamaşa izləmək şansı qazanacaqlarını bildirdi: “Teatrın baş rejissoru Qurban Məsimovun maraqlı yanaşması sayəsində bu il də fərqli bir tamaşa - “Tıq-Tıq və Taq-Taqın Yeni il macəraları” adlı səhnə nümunəsi hazırlanır. Əyləncəli tamaşa maraqlı ideyası ilə seçilir. Tamaşada biz balacalara fərqli qəhrəmanların təqdimatında müsbət və mənfi keyfiyyətlər, onların pis nəticələri, daha doğrusu, yaxşılıq etməyin vacibliyini aşılamağa çalışmışıq. Əsas obrazlarımız Tıq-Tıq və Taq-Taq Yeni il şənliyinə hazırlaşırlar. Bunun üçün artıq müəyyən tədarük də görüblər. Amma hiyləgər tülkü və küpəgirən qarı onların şənliyinə mane olmaq istəyirlər. Buna görə də Nakaş və Dakaş adlı iki sadəlövh cini pis əməllərinə alət edirlər. Tıq-Tıqın evinə gələrək ona sehrli almanı yedirir və bütün bayram azuqəsini mağaralarına daşıyırlar. Meşədən şam ağacı gətirməyə gedən Taq-Taq döndüyündə dostunun bu halını görür və köməyə Şaxta babanı çağırır. Onun gəlişi ilə sehr pozulur və hiyləgərlər cəzalandırılır. Pis əməllərindən əl çəkməyə söz verən hiyləgərlər də şənliyə qatılmaq şansı qazanırlar”.
H.Rüstəmovanın sözlərinə görə, 45 dəqiqəlik tamaşa uşaqlara xoş istirahət vəd edir. Biletlərin qiyməti isə hər zamankı kimi 2 manatdır. Biletlərin qiymətlərinin ucuz olmasına isə Həmidə xanım belə açıqlama gətirdi: “Niyyətimiz bizim teatrı seçən hər bir uşağı əyləndirməkdir. İndi diqqət yetirsək, görərik ki, paytaxtımızda fəaliyyət göstərən attraksionların qiyməti bizim tamaşaların qiyməti ilə eynilik təşkil edir. Çünki biz hər bir tamaşaçını nəzərə alırıq”.
Dövlət Musiqili Teatrında isə Yeni il şənliklərinin hazırlıqları başa çatmaq üzrədir. Hər il olduğu kimi, teatrın kollektivi balaca tamaşaçıları sürprizlər, hədiyyələr və yeni tamaşa ilə sevindirəcək. Bayram proqramının bəzəyi olan Şaxta Baba və Qar Qız balacaları dekabrın 25-dən yanvarın 10-dək teatrın məhz onlar üçün hazırladığı yeni səhnə əsərinə - Şarl Perronun “Yatmış gözəl və cırtdanlar” tamaşasına baxmağa dəvət edir.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir. Yeni il şənliklərində balacaları "Disney"in məşhur nağıl qəhrəmanları, sehrli pərilər, oyunbaz cırtdanlar, cadugər Santa Klaus, sevimli nağıl personajları ilə əyləncəli anlar gözləyir. “Yatmış gözəl və cırtdanlar” tamaşasındakı yatmış gözəli oyadacaq şahzadə balaca tamaşaçılar arasından seçiləcək. Həmin balaca tamaşaçı - şahzadə zaldan səhnəyə gələnə qədər müxtəlif sınaqlardan keçərək sonda yatmış gözəli oyadacaq.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isə Yeni il tamaşasının yaradıcılıq işlərinə start verilib. Hər il olduğu kimi, bu dəfə də kiçik yaşlı tamaşaçılarımızı maraqlı, əyləncəli, hədiyyə və sürprizli Yeni il tamaşası gözləyir.
Teatrın mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquluyevanın verdiyi məlumata görə, əməkdar artist Nicat Kazımovun quruluşunda təqdim olunacaq “Madaqaskar” adlı Yeni il tamaşasında qəhrəmanlar ekrandan səhnəyə gəlməklə, maraqlı rejissor yozumu və süjet xətti, rəngarəng geyimləri, musiqisi və səhnə tərtibatı ilə azyaşlı tamaşaçıların Yeni il tətilinə əvəzolunmaz hədiyyə olacaq: “Hər il olduğu kimi, şənlik iştirakçılarını Şaxta baba və Qar qız qarşılayıb, teatrın bayram üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış Yeni il proqramına dəvət edəcəklər. Maraqlı auksionlar, hədiyyəli oyunların ardınca balaca tamaşaçılar teatrın salonunda “Madaqaskar”ı izləyəcəklər”.
Qeyd edək ki, sürprizlərlə zəngin əyləncəli bayram proqramı və yeni tamaşa dekabr ayının 25-dən 2015-ci il yanvarın 4-dək saat 12 və 14:00-da nümayiş etdiriləcək.
Biz isə hansı əyləncə məkanında əylənmənizdən asılı olmayaraq, sizlərə Yeni ili xoş və yaddaqalan keçirməyinizi arzu edirik.

Mənbə: ANS PRESS

17 dekabr 2014
GO BACK