Bakı 2015 Avropa Oyunları infrastruktur və proqram təminatı üçün gələcəkdə bütün digər mötəbər idman tədbirlərində tətbiq oluna biləcək "Cloud" modelli texnologiyadan istifadə edən ilk çoxşaxəli idman tədbiridir.ANS PRESS-in məlumatına görə, Bakı 2015-in bütün məkanlarını birləşdirəcək yeni fiber-optik şəbəkə Azərbaycan xalqının uzun müddət faydalanacağı əsas yeniliklərdən biridir. İlk Avropa Oyunlarını gerçəkləşdirmək üçün məkandaxili 1000 km-dən çox kabel çəkilişini təmin etməklə yanaşı, həmin məkanlar arasında əlaqə yaratmaq məqsədilə 600 km-dən çox fiber-optik şəbəkədən istifadə olunacaq. Sözügedən tədbirlərin reallaşmasına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək göstərir.
Qeyd edək ki, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi gələn il keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar olaraq mətbuat nümayəndələrinin akkreditasiyası prosesini artıq açıq elan edib. Burada iştirak etmək istəyən mətbuat nümayəndələri ilk növbədə Mətbuat Ekstranetinə giriş üçün qeydiyyatdan keçməlidirlər. Mətbuat Ekstranetində akkreditasiyaya dair məlumatlardan əlavə, mətbuat nümayəndələri üçün Oyunlar müddətində mövcud olacaq imkanlar və xidmətlər haqqında, eləcə də şəkil və videolardan ibarət geniş media kitabxanasına giriş barədə mühüm məlumatlar öz əksini tapıb.
Mənbə: ANS PRESS