Qadin.NET / Azərbaycanda dərman vasitələrinin qiymətini dövlət tənzimləyəcək

Azərbaycanda dərman vasitələrinin qiymətini dövlət tənzimləyəcək

 

Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiyməti bundan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənəcək.
Trend-in məlumatına görə, bu barədə məsələ “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan dəyişikliklərə əsasən, dərman vasitələrinin ekspertiza xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənəcək.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli dəyişikliklər haqqında məlumat verərək qeyd edib ki, dərman ciddi məsələ olduğuna görə buna mütləq dövlət nəzarəti olmalıdır.
Onun sözlərinə görə, bir çox hallarda dərman vasitələrinin qiymətinin süni artımına yol verilir: “Bu baxımdan dərman vasitələrinin qiymətləri tənzimlənməlidir ki, vətəndaşlar dərman alarkən aldanmasınlar”.
Qanuna təklif edilən dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Mənbə: Milli.Az

 

16 dekabr 2014
GO BACK