Qadin.NET / Bakı əhalisinin həyat tərzi araşdırıldı: nəticələr bərbaddır

Bakı əhalisinin həyat tərzi araşdırıldı: nəticələr bərbaddır

 

 

Trend-in məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəriAnar Qədirli bu gün həmin araşdırmanın nəticələrinə həsr olunan mətbuat konfransında bildirib ki, Azərbaycan Səhiyyə Nazirliyi və "Ümid" İctimai Birliyinin "Sağlam ol" birgə araşdırma layihəsi çərçivəsində Bakı əhalisi arasında sağlam həyat tərzinə dair sosioloji sorğu keçirilib.
Sorğu yaşı 18-64 olan, Bakı və şəhər ətrafı ərazilərdə yaşayan 1000 nəfərdən artıq əhalini əhatə edib. Respondentlərin 49 faizi qadın, 51 faizi kişi olub.
Aparılan araşdırma sağlam həyat tərzinin populyarlaşdırılmasının zəruriliyini, ona mane olan səbəbləri, həmçinin əhalinin fiziki aktivliyə ümumi yanaşmasını müəyyən edib.
A.Qədirli deyib ki, layihənin məqsədi cavabların dinamikliyini ölçərək əhalinin sağlam həyat tərzinə münasibətini müəyyən etmək üçün sosial araşdırma keçirməkdir. Araşdırmanın nəticələrinə əsasən, sorğu iştirakçılarının 83 faizi güclü fiziki fəaliyyətlərlə, 70 faizi isə orta səviyyəli fiziki aktivliklə belə məşğul olmur. Bu cür fəaliyyətlərlə məşğul olanların həftəlik orta göstəricisi 1,5 gün təşkil edir. Respondentlərin 16 faizi pəhriz saxlayır.
"Ümid" İctimai Birliyinin icraçı direktoru İsrail İsgəndərovun sözlərinə görə, respondentlərin, demək olar ki, hamısı - 96 faizi piyada gəzintiyə hər gün orta hesabla 10 dəqiqə vaxt ayırır. Bundan başqa, sorğu iştirakçılarının, demək olar ki, yarısı həkimə yalnız ciddi sağlamlıq problemləri olanda gedir. Respondentlərin 36 faizi ildə bir dəfə həkimə ümumi yoxlamaya ("check up"), 56 faizi ümumi müayinəyə gedirlər.Əldə olunmuş göstəricilərə əsasən, tərəfdaşlar müntəzəm və davamlı fiziki aktivliyə üstünlük verərək Azərbaycanda sağlam həyat tərzinin təbliğatı üçün effektli yolların hazırlanması üzərində işləyəcək.

Mənbə: Milli.Az

16 dekabr 2014
GO BACK