Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar dekabrın 31-də Bakıda ictimai nəqliyyat gücləndirilmiş iş rejimində işləyəcək.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı sərnişin və yükdaşımalarının təşkili idarəsinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərov AzerTAc.az-a bildirib ki, paytaxtdaxili sərnişin avtobusları dekabrın 31-də gücləndirilmiş iş rejimində çalışacaq. Bununla bağlı növbətçilik cədvəli tərtib olunub. Əgər adi günlərdə avtobuslar saat 23.30-dək sərnişinlərə xidmət edirsə, bayram günü gecə saat 1-dək işləyəcək. Bununla bağlı sahibkarlara da xəbərdarlıq olunub.
Yeni il gecəsi metropolitençilər də gücləndirilmiş iş rejimində çalışacaqlar. Bu barədə məlumat verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, hər il olduğu kimi, bu il dekabrın 31-də də metro işçiləri adi günlərdən fərqli olaraq 1 saat çox işləyəcəklər. “Əgər hər hansı bir dövlət tədbiri keçirilərsə, Bakı Metropoliteni iş vaxtını bir qədər də artıra bilər”, - deyə N.Paşayev vurğulayıb.