Qadin.NET / Səadətimizdən daha önəmli nədir?

Səadətimizdən daha önəmli nədir?

 

Din insanı dünya və axirət səadətinə doğru aparan ilahi bir yoldur. İlahi buyruqlar əsasında yaşayan insanlar Allaha yaxın bəndə olmaqla, ilk növbədə öz xoşbəxt həyatlarını təmin etmiş olurlar. Əlbəttə, bunu da qeyd edək ki, ilahi buyruqlara riayət edən insan ətrafdakı insanlar üçün, cəmiyyət üçün də faydalı bir şəxs olur. Amma hər halda, daha çox bəhrə elə şəxsin özünə aiddir.
Səadətə doğru yönələn bu ilahi yol hər kəsin üzünə açıqdır. İndiyədək həyatda günahlara yol vermiş şəxslər belə bir an dayanıb, etdiklərinə görə peşmançılıq hissi keçirərək tövbə edə, bu yola qayıda bilərlər. Səmimi qəlbdən etdikləri tövbə ilə indiyədək olan bütün qüsurların üzərindən xətt çəkib sanki dünyaya yeni doğulmuş məsum bir körpə kimi, yeni həyata başlaya bilərlər. Tövbə qapısı hər zaman hər kəsin üzünə açıqdır!
Günahkar insan nə qədər tez yanlış yolda olduğunun fərqinə varıb tövbə edərsə, bir o qədər tez səadətinə nail olmuş olar. Təəssüflər olsun ki, bir çox hallarda yanlış yolda olduğunu dərk edən və tövbə edib doğru yola qayıtmaq istəyənlər bu istəklərini gerçəkləşdirməkdə yubanırlar və qətiyyətli addım ata bilmirlər. Bəziləri hələ buna "hazır olmadığını" söyləyir, hər dəfə tövbə etməyi təxirə salırlar. Bir də görürlər ki, bir ömür keçdi və Allaha qayıdış amalı isə istək olaraq ürəkdə qaldı...
Nəzərə alaq ki, günahlardan tövbə etmək üçün hələ "vaxtın çatmadığını" düşünənlər psixoloji olaraq özlərini günahkarlar kateqoriyasında hesab edirlər və elə bu səbəbdən də, onların yeni-yeni günahlara qol qoyması, haram işlər görməsi adi bir haldır.
Vaxt isə bizim onun çatıb-çatmamasını qəbul edib etməməyimizdən asılı olmayaraq öz işini görür. Beləcə, aldığımız hər bir nəfəs hədislərdə deyildiyi kimi, bizi ölümə bir addım da yaxınlaşdırır. Həmin o ölümə ki, bizi nə vaxt yaxalayacağını Allahdan başqa heç kəs bilmir. Bizi haqlayandan sonra isə artıq geriyə yol qalmır və onda daha tövbə etməyə fürsət olmur.
Allah-Təala insanı yaradaraq onun səadətə yetişməsi üçün qarşısında hər cür imkanlar da yaratmışdır.
Ona ağıl verib, elm verib, peyğəmbərlər göndərib, kitab nazil etmişdir. Bəhanə üçün bütün yollar bağlanmışdır. İndi söz insanındır. Qərar onun istəyi və layiq olduğu məqama uyğun verilir. Qərar isə olduqca məsuliyyətli və əhəmiyyətlidir. Çünki hər kəsin səadət və ya bədbəxtliyi bundan asılıdır: ya tövbə edib səadət seçimini edəcək, ya da bu və ya başqa bəhanə ilə bədbəxtliyinə imza atacaqdır. Seçim insanın əlindədir. Və bu seçimdən təkcə onun özü yox, başqaları da ya xeyir tapacaq, ya da zərər görəcək. Günahlar girdabına düşmüş şəxsin əməllərindən özü ilə bərabər, ətrafdakı insanlar da əziyyət çəkir. Axı o, hələ nə qədər qəlblər qıracaq, könüllər sındıracaq, nə qədər yalan danışıb başqalarına kələk gələcək, nə qədər özgə malı yeyib, rüşvət alıb, çəkidə aldadıb insanlara xəsarət yetirəcəkŞ nə qədər ailəsilə nalayiq davranacaq, ailə üzvlərini incidəcək-üzəcək?..
Bu rəzalətlərə elə indi, bu anca "yox" deməyin vaxtı çatmayıbmı? Səmimi qəlbdən tövbə edərək Allahın sevimli bəndə olmağın və səadətə doğru addım atmağın tam zamanı deyilmi?
Nədir bizi Allaha doğru üz tutmaqdan saxlayan? Nədir Allahla aramızda səd çəkib, bizi Ondan ayıran? Nədir xoşbəxtliyimizin qarşısında maneələr yaradan? Məgər bunlar bizim üçün Allahdan daha əzizdirmi? Səadətimizdən daha önəmlidirmi?
Əmin olaq ki, bəndə səmimi qəlbdən tövbə edərək Allaha üz tutsa, Allah onun tövbəsini qəbul edər və onu yüksək məqamlara qaldırar. Beləliklə də o, həm Allah yanında əziz olar, həm də bəndə yanında. Və şübhəsiz ki, onun dünya həyatı da xoşbəxt olar, əbədi axirət həyatı da.
Allah hamımıza belə bir tövbə nəsib etsin və günahlarımızı bağışlayıb, bizi sevimli bəndələrindən qərar versin.

Mənbə: Milli.Az

 

16 dekabr 2014
GO BACK