Qadin.NET / Rubl kəlləmayallaq diyirlənir

Rubl kəlləmayallaq diyirlənir

 

"Zaman dəyişilir və rubl da onunla birgə dəyişir", - bu mənası dəyişdirilmiş latın atalar sözü Rusiya valyutası ilə bağlı hazırkı vəziyyəti çox yaxşı təsvir edir. Lakin Qərb KİV-də başqa variantlar populyardır; məsələn, "rus zarafatları" - "neft, rubl və Putin 63 rəqəminə yaxınlaşır" kimi. 

Söz düşmüşkən, rublun məzənnəsinin ucuzlaşmasına RF prezidenti Vladimir Putin də kəskin reaksiya verib. Federal Şuraya müraciəti çərçivəsində o, Rusiya Bankından və hökumətdən "spekulyantların rubl məzənnəsinin dəyişilməsi ilə oynamaq həvəsini kəskin pisləyib və koordinasiyalı şəkildə bunun aradan qaldırılmasını" tələb edib. 
Sərbəst üzmə 
Beləliklə, 2014-cü ilin payızında ağacların sarılmış yarpaqları ilə birlikdə rus valyutası da öz "xəzan"ını yaşamağa başladı. Baxmayaraq ki, ekspertlər, ümumilikdə, rublun tərəddüdlərini neftin dünya bazarlarında qiyməti və Rusiyaya qarşı sanksiyalarla bağlayırlar. Və spekulyantlar bundan bacarıqla istifadə edirlər, daha tez-tez fikirlər ortaya çıxmağa başlayıb ki, müşahidə olunan devalvasiya son ayların, daha doğrusu, son illərin iqtisadi proseslərinin nəticəsi oldu. Zəifləməni Rusiya Bankının noyabrın 5-dən valyuta intervensiyalarının azalması haqda elanı da sürətləndirib - bunu da bazar rublun məzənnəsinin sərbəst üzməyə göndərilməsi kimi qəbul edib. Rusiya Bankı, həmçinin bivalyuta səbətinin dəhlizini ləğv edib və müntəzəm valyuta intervensiyaları etməyi dayandırıb. Bununla da tənzimləyici valyuta bazarının maliyyə sabitliyinə təhlükə yaranacağı təqdirdə, valyuta bazarına çıxmağa hazır olduğunu elan edərək, faktiki olaraq rublun üzən valyuta məzənnəsinə keçməsini elan edib. Nəticə etibarilə, rublun məzənnəsi ilin əvvəli ilə müqayisədə 60%-dən çox düşüb və bir dollar 53-54 rubla, bir avro isə 67 rubla bərabər olub. Vəziyyət dekabrın ilk günlərində pisləşdi və tənzimləyici bazarda 700 milyon dollar satmağa məcbur oldu. Bu addımı o, müşahidə olunan rublun devalvasiyasının maliyyə sabitliyinə və inflyasiya gözləntilərinin artması riskinin əmələ gəlməsinə zəmin yaratması ilə əsaslandırıb.
Lakin vəziyyət pisləşməyə davam etdi və analitiklərin proqnozlarına əsasən, sabitləşməni, ən azı, yaxın bir neçə ay gözləməyə dəyməz. Vəziyyət o həddə çatıb ki, Rusiya xarici kəşfiyyatının rəhbəri Mixail Fradkov Rusiya rubluna hücumda və neft qiymətinin azalmasında ABŞ-ı və onun tərəfdaşlarını ictimai şəkildə ittiham etdi. Onun sözlərinə görə, Amerika sərmayə fondları vasitəçilər vasitəsilə məzənnə ilə spekulyasiya edirlər. Düzdür, iqtisadiyyatçılar M. Fradkovun qənaətlərinə şübhə ilə yanaşıblar və qeyd ediblər ki, rublun məzənnəsi ilə spekulyasiya etmək üçün hazırkı şəraitdə Ştatlar Rusiya valyutasının milyardlarla ehtiyatına sahib olmalıdır. 
Gələcək proqnozlar isə, adətən olduğu kimi, ekspertin meyilliliyindən asılı olaraq, kifayət qədər müxtəlifdir. Belə ki, nikbinlər əhalini rublun neft qiymətinin artmasından sonra "özünə gələcəyi" ilə sakitləşdirirlər. Onların fikrincə, bu artıq yazda baş verəcək. Bədbinlər isə Rusiyanın orta və kiçik sahibkarlığı üçün faciəvi fəsadları, əhalinin sosial durumunun kəskin pisləşməsini və uzunmüddətli resessiyanı vəd edirlər. 
Zərbəsiz 
Aydındır ki, qonşularda vəziyyətin necə cərəyan etməsindən asılı olmayaraq, Azərbaycandan bu yan keçə bilməz. Təkcə ona görə ki, Rusiya bizim xarici ticarət tərəfdaşlarımızın ilk onluğuna daxildir. Bundan əlavə, ölkənin Dövlət Neft Fondunun (ARDNF) RF-də aktivləri var və bununla da, orada yaranan vəziyyət onların idarə olunmasından gələn gəlirə birbaşa təsir göstərə bilər. Xatırladaq ki, 2012-ci ildə ARDNF yeni sərmayə siyasəti çərçivəsində Moskvada Puşkin meydanında 133 milyon dollar dəyərində "Qalereya Aktyor" ofis mərkəzini əldə edib. Bununla yanaşı, fond Rusiyanın ikinci iri bankı VTB-in (Xarici Ticarət Bankı) bank"ının 2,95 faizlik səhmlər paketinə də malikdir. 
Bu satınalmanın dəyəri 500 milyon dollar təşkil edib. "Baxmayaraq ki, son hadisələrin fonunda VTB-in səhmlərinin dəyərində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur, biz qeyd etmək istərdik ki, fondun sərmayə siyasətinə uyğun olaraq, bu cür sərmayələr qısamüddətli spekulyativ deyil, uzunmüddətli məqsədlər güdür. ARDNF ilə bərabər VTB səhmdarları arasında Norveç Dövlət Pensiya Fondu (4,59%), Qətər Sərmayə Fondu (2,95%), Amerikanın "Blackrock Fund Advisors" (1,24%) və digər mötəbər qurumlar da var", - deyə fondda qeyd ediblər. ARDNF-də həmçinin bildiriblər ki, müxtəlif maliyyə vasitələrinə sərmayə etməzdən əvvəl fond maliyyə riskləri də daxil olmaqla, bütün mümkün risklərin ciddi təhlilini aparıb. "Rusiyaya sərmayələr, digər ölkələrdə də olduğu kimi, daimi nəzarət və tədqiqat altındadır", - deyə fondda bildiriblər. Qeyd olunduğu kimi, Rusiya Azərbaycanın xarici ticarət tərəfdaşları siyahısında dördüncü yeri tutur, baxmayaraq ki, ümumi ticarət dövriyyəsində rubl əməliyyatlarının payı cüzidir. Bununla bərabər, idxalatçı ölkələr arasında Rusiya 14,1%-lik xüsusi çəki ilə Azərbaycanın ümumi idxalatında birinci yer tutur. Amma buna baxmayaraq, rublun məzənnəsindəki dəyişikliklər Azərbaycan iqtisadiyyatına ancaq cüzi təsir edə bilər.
"Azərbaycan iqtisadiyyatı Rusiya da daxil olmaqla, digər ölkələrin iqtisadiyyatlardan asılı deyil", - deyə iqtisadi siyasət məsələləri üzrə parlament komitəsinin üzvü Əli Məsimli bildirib. 
Onun fikrincə, devalvasiya, ilk növbədə, Rusiyada yaşayan və çalışan soydaşlarımıza ziyan vurur. Onların gəlirləri azalır və bununla da onların Azərbaycandakı yaxınlarına və qohumlarına göndərdikləri vəsaitlərin həcmi azalır. Amma ümumilikdə, Azərbaycan iqtisadiyyatı üçün bu, cüzi təsirdir, çünki pul köçürmələri ölkə ÜDM-in yalnız 2%-ni təşkil edir. Azərbaycan vətəndaşlarının özlərinə gəlincə, hələlik rublun bu dəyişikliklərini onlar heç cür hiss etmirlər. Çünki Rusiya valyutası əmanətçilər arasında populyar deyil və onlar ənənəvi olaraq üstünlüyünü milli valyutaya (manat), Amerika dollarına və avroya verirlər. Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı-direktoru Azad Cavadovun sözlərinə görə, fondun ehtiyat strukturunda rubl mövcud deyil, sığortalanmış əmanətlərin 63%-i manatda, 33%-i ABŞ dollarında və 4%-i avroda yerləşdirilib.
Manat sabitdir 
Rusiya rublu ilə bağlı vəziyyət daha bir sual ətrafında düşünməyə vadar edir: bizim manat nə dərəcədə möhkəmdir, neft qiymətlərinin dəyişikliklərini nəzərə alaraq, onunla yaxın zamanlarda rublla baş verdiyi hadisələr təkrarlana bilərmi? 
Ölkənin Mərkəzi Bankının idarə heyətinin sədri əmin etdiyi kimi, narahatlıq üçün tamamilə heç bir əsas yoxdur və bu gün manatın məzənnəsi tamamilə sabitdir. "Manat özünü güclü regional valyuta kimi təqdim edir. O, ticarət zamanı yaxın və uzaq müxtəlif xarici ölkələr tərəfindən qəbul olunur. Biz hesab edirik ki, ilin sonunadək və bundan sonra da milli valyutanın stabilliyi təmin olunacaq", - deyə E. Rüstəmov bildirib. Onun sözlərinə görə, son 4 il ərzində AMB-in ixtiyarında olan valyuta ehtiyatları 6%-dən çox artıb və 15 milyard dollar təşkil edib. Bu da dövriyyədə olan manat pul kütləsini nəzərəçarpacaq dərəcədə üstələyir. "Bu gün Mərkəzi Bankın dövriyyədə olan bütün manat kütləsini konvertasiya etmək imkanları var. Bu Azərbaycan valyutasının sabitliyinin ən bərk əsaslarından biridir", - deyə E. Rüstəmov deyib. 
O, qeyd edib ki, ödəniş balansının profisiti şəraitində 2014-cü ildə Mərkəzi Bank manatın məzənnəsinin stabilliyini təmin etməyi bacarıb. "Biz milli valyutamızı devalvasiya etmək lazım olduğu haqda bir sıra təkliflər almışıq, çünki bu ticarət tərəfdaşlarımızla münasibətdə bizim üçün üstünlük yarada biləcək. Lakin tarixən və elmi tərəfdən sübut edilib ki, devalvasiya sadəcə qısamüddətli spekulyativ üstünlük yaradır və sonradan qiymətlərin artması nəticəsində dövlət və onun iqtisadiyyatı bu üstünlüyünü itirir", - deyə AMB rəhbəri bildirib və xatırladıb ki, devalvasiya zamanı güclü inflyasiya, aktivlərin və əmanətlərin dəyərinin ucuzlaşması nəticəsində əhali zərər çəkir. 
Demək lazımdır ki, Azərbaycan valyutasının sabitliyini Rusiya ekspertləri də qəbul edirlər. Belə ki, Rusiya və MDB üzrə "Renessans kapital" sərmayə şirkətinin baş iqtisadiyyatçı Oleq Kuzmin RBK-TV telekanalının efirində bəyan edib ki, neft qiymətləri bir ildən də çox müddətinə aşağı səviyyədə qalsa, bu Azərbaycan manatı üçün problemlər yaratmayacaq. Çünki bu, dünyada ən möhkəm valyutalardan biridir və hətta dollardan bahadır. "Azərbaycan valyutasının fenomeni və onun bir çox böhran amillərindən asılı olmayaraq dollarla müqayisədə sabit möhkəmlənməsi birincisi, məzənnə siyasətindən asılıdır. Məzənnə dəyişilməz olur və o, dollara ciddi şəkildə bağlıdır. İkincisi, ölkənin neftlə böyük təminatı mövcuddur və 2000-ci illərin əvvəlində neftin qiymətinin çox yüksək olduğu qısa zamanda ölkə böyük həcmdə qızıl valyuta ehtiyatları toplaya bilib.
Bu ehtiyatlar məhdud şəkildə tələb olunduğu zaman sərf olunurdu, yaxşı vaxtlarda isə yığılmağa davam edirdi", - deyə O. Kuzmin bildirib.
Onun fikrincə, Azərbaycanda üzən məzənnəyə keçid barədə danışmağa dəyməz. Manatın devalvasiyası isə ölkənin topladığı ehtiyatlar nəzərə alınmaqla Qazaxıstandan fərqli olaraq kifayət qədər azdır. "Eyni zamanda, neftin qiyməti misal üçün bir il müddətində deyil, daha uzun müddət ərzində aşağı səviyyədə qalarsa, milli valyutasıın məzənnəsini təsbit etmiş ölkələrdə bunu istisna etmək olmaz. Azərbaycan barədə danışsaq, ölkə üçün bu üfüq kifayət qədər uzaqdadır və nə isə öncədən demək çətindir", - deyə O.Kuzmin əlavə edib.
Mənbə: Milli.Az

 

15 dekabr 2014
GO BACK