Qadin.NET / 58 illik Azərbaycan ailəsinin "sirləri"

58 illik Azərbaycan ailəsinin "sirləri"

 

58 ildir birgə yaşayan cütlük: “Ər və arvad bir yerdə mehriban dolanmasa, güzəştə getməsə, çəkilən əziyyətə qiymət verməsə, ailədə hörmət, bərəkət olmaz”. 
İnsanın tək yaşaması və xoşbəxt olması çox çətindir. Buna görə də ailənin əhəmiyyəti böyükdür. Ailə bizə verilən ən böyük nemətdir. Ancaq çox təəssüf ki, insanlar bəzən bu nemətin qədrini bilmirlər. Təəssüf ki, son illərdə respublikamızda boşanmaların sayı narahatedici dərəcədə artıb. Ailələrin dağılmasından ən çox təsirlənən isə uşaqlar olurlar. Uşaq sağlam ailə birliyindən məhrum edildikdə bu onun həm fiziki, həm də zehni inkişafına mənfi təsir göstərir. Bəzi ekspertlər isə cinayət törədərək məhkumluq həyatı yaşayan gənclərin bir çoxunun dağılmış ailələrdən olduğunu qeyd edirlər. Bu səbəbdən hər kəs ailəsinin dəyərini yaxşı bilməli və ailə fərdlərinə önəm verməlidir. 
Uşaqlar ailənin ən kiçik və əhəmiyyətli üzvləridir. Ailədə birliyin və bərabərliyin, hüzurun, sağlam mühitin olması çox əhəmiyyətlidir. Bu mənada Şirvan şəhəri Əzizbəyov küçəsi döngə 3, ev 4-də yaşayan Daxıl və Ziba cütlüyünün həyatı bir çoxları üçün nümunə sayıla bilər. Bu ailənin 12 övladı var. Onlar müasir dövrdə 2-3 uşağının öhdəsindən gələ bilməyən və şikayətçi olan ailələrə nümunədirlər deyə düşünərək bu çütlüyün evlərinə yollandıq. Ev yiyələri - Daxıl Babayev və Ziba Babayeva bizi gülər üzlə qarşıladılar. Söhbətimiz çay süfrəsi arxasında davam etdi. Daxıl kişi deyir ki, 12 uşaq böyüdüb boya-başa çatdırmaq hər kişinin işi deyil: “Hər bir valideyn ilk növbədə övladlarının gələcəyini düşünür, onları yerbəyer etməyi düşünür. Məhz buna nail olandan sonra rahatlıq tapmaq olar”. 
Daxıl kişiylə söhbət zamanı məlum oldu ki, 1937-ci ildə Yardımlı rayonunun Əfçədulan kəndində anadan olub. Həyat yoldaşı Ziba Babayeva isə 1940-cı ildə Yardımlının Ərus kəndində dünyaya göz açıb: “1956-cı ildə əsgərliyə getməzdən əvvəl ailə qurdum. Yoldaşım xalam qızıdır. 58 ildir ki, ailə qurmuşuq. 12 övladımız olub. Bunlardan 7-si qız, 5-i oğlandır. Onların hamısını yerbəyer eləmişik. Şükür Allaha, indi 25 nəvəmiz və 6 nəticəmiz var. Ailə qurandan sonra, yəni 1956-cı ildə əsgərliyə getdim. Krımın Sevastopol şəhərində 3 il 6 ay qulluq elədim. Əsgərlikdə olduğum müddətdə 3 dəfə məzuniyyətə gəldim. Mən hərbi xidmətdə olanda bir oğlum dünyaya gəldi. 1956-cı ildə Əlibayramlı (indiki Şirvan) şəhərinə köçdük: “Əli Bayramlıda (Şirvan) neft sahəsində 47 il qazmaçı işləmişəm. 7-8 medalım var. Məni kasıbçılıqla anam böyüdüb. Atam 1941-ci ildə müharibəyə gedib, qayıtmayıb. O cümlədən dayılarım, əmilərim də müharibədən qayıtmadılar. Ailədə bacı və qardaş iki nəfər olmuşuq. Anam bizi çətinliklə böyüdüb. Ona görə çalışmışam ki, övladlarıma korluq verməyim. Uşaqlarımı kişi kimi dolandırmışam. Həmişə fikirləşmişəm ki, insan bir özü üçün yaşamamalıdır. İnsan Allahın izni ilə ətrafında olanları da yaşatmalıdır, dəstək olmalıdır. Bəzən 25 gün 12 saat işləyirdim. Elə vaxt olub ki, 30 gün istirahətsiz işləmişəm. Bununla ailəni dolandırmışam. 53 il stajım varsa, artıq işlədiyim vaxtları da üstünə əlavə edəndə 60 il edir”. 
Söhbətin bu yerində üzümü bizə sakit-sakit qulaq asan Ziba nənəyə tuturam: 
- Nənə, Daxıl kişi deyir, bütün günü işləməklə keçib. Uşaqları saxlamaqda bütün güc, deyəsən, sizə düşüb. Bu qədər uşağa baxmaq çətin deyildi? İndiki xanımlar 2-3 uşağa baxanda çətinlik çəkirlər... 
- Çox zəhmət çəkmişəm, bala. Yeməyi bişirmişəm, balalarımı yedizdirmişəm, mənə çatmayanda qazanın dibini sıyırmışam. Belə çətinliklə balalarımı böyütmüşəm. Səhərə qədər uşaqların üstünü örtmüşəm. Yoxlamışam, birdən soyuq dəyər balalarıma. Təndirə çörək yapmışam. Kim gəlib təndirin üstünə çıxıb, “çörək apar, bala” demişəm. Mənə10 uşaqdan sonra “qəhrəman ana” qızıl medalı veriblər. Medalı indi də saxlayıram. Bala, uşağın ruzisini verən Allahdır. Göydə Allah, yerdə də yaxşı insanlar. Bu kişinin zəhməti məndən də çoxdur. 12 övlad böyütmüşük. Böyüdən Allah böyüdür bala. İndi şükür Allaha, hərəsi bir ailənin yiyəsidir. Ailə qurmamışdan əvvəl hər gün 250 kiloqram pambıq yığırdım. Məni Biləsuvarın Xırmandalı kəndində Qızqayıtın kolxozuna yarışa aparıblar. İndi qocalmışam. 
- Daxıl kişi, ailədə ər-arvad münasibəti necə olmalıdır? Yəqin, efirlərdə siz də tez-tez görürsünüz: bəziləri hətta ailə problemlərini efirlərdə müzakirəyə çıxarırlar. 
- Gərək kişi deyəni arvad eşidə, arvad deyəni də kişi. Ailədə ədəb-ərkan gözlənilməlidir. Ər və arvad bir yerdə mehriban dolanmasa, ailədə bərəkət olmaz, uşaqlar da tərbiyəli olmazlar. Kişi və arvadın bir sözü varsa, öz aralarında həll etməlidirlər, övladların yanında yox. İndiki cavanların sözü bir-birinə batmır. O deyir, mənəm, bu deyir, mənəm. Ailə fərdləri bir-birinə güzəşt etməlidirlər. 
Söhbətimizi yekunlaşdırıb müsahiblərimdən ayrılarkən gözüm eyvandakı ağırlıq daşlarına sataşdı. Daxıl kişi daşlara baxdığımı görüb dedi: “Bunlar 32 kiloqramlıq daşlardır. Əvvəllər ağırlıqqaldırma üzrə idmanla məşğul olmuşam, yarışlara çıxmışam. Bakıda orta çəki dərəcəsində ağırlıq qaldırmada 1-ci, 2-ci yeri tutmuşam. Həm qazmaçı idim, həm də idmançı. Hər halıma həmişə şükür etmişəm, indiyə qədər heç bir şeydən şikayət etməmişəm”.
Mənbə: Milli.Az

 

15 dekabr 2014
GO BACK