Bu gün SSRİ xalq artisti Rəşid Behbudovun doğum günüdür. Milli.Az-ın məlumatına görə, əslən Şuşadan olan sənətkar 1915-ci ildə Tiflisdə, xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. İfaçılığa 1930-cu ildə Tiflisdə başlayan Rəşid Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet teatrının solisti, dövlət konsert ansamblının təşkilatçısı və rəhbəri olub.
1966-cı ildə isə o, musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Mahnı Teatrını təşkil edib, bu teatrın solisti və bədii rəhbəri olub. Səhnədə olduğu 55 il ərzində Rəşid Behbudov dünyanın 100-dən çox ölkəsinə səfər edib. O, həm də milli kinomuzda bənzərsiz obrazlar yaradıb. Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskvada vəfat edib.
Mənbə: Milli.Az