Qadin.NET / "Heydər zirvəsi"nə yürüş başa çatıb

"Heydər zirvəsi"nə yürüş başa çatıb

 

"Heydər zirvəsi"nə yürüş başa çatıb

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) təşkilatçılığı və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəstəyi ilə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə təşkil edilmiş növbəti kütləvi yürüş uğurla başa çatıb.
ANS PRESS-in Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 9-dan 12-ə qədər keçirilən yürüş Böyük Qafqazdakı QIzıl Qaya massivinin ətəklərində qurulmuş düşərgə istiqamətində, növbəti gün isə oradan Zirvəyə hərəkətlə davam etdirilib. Yürüşə 150-dən çox iştirakçı qatılıb.
Yürüş marşrutu yürüş qərargahı tərəfindən əvvəlcədən müəyyənləşdirilib, marşrut üzərində tam təchizatlandırılmış çadır düşərgə qurulub, çətin relyef və iqlim şəraitinə malik olan dağlarda insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün tədbirlər görülüb.
Yürüş iştirakçıları Böyük Qafqaz dağ silsiləsində qoyulmuş Heydər Əliyevin barelyefi önünə qızılgül dəstələri düzərək xatirəsini yad ediblər.
Xatırladaq ki, “Heydər zirvəsi”nə edilən yürüşlərin yüksək məramı, həmçinin yürüşə qatılmaq istəyənlərin sayının çoxluğu nəzərə alınaraq, kütləvi yürüşün iştirakçıları milli parkların yüksək dağlıq ərazilərinə daxil olmaq üçün müəyyən edilmiş birdəfəlik giriş haqqından azad ediliblər.

 

Mənbə: ANS PRESS

13 dekabr 2014
GO BACK