Qadin.NET / Sağ qalmaq üçün bunları etmək şərtdir

Sağ qalmaq üçün bunları etmək şərtdir

 

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dəm qazı təhlükəsi ilə bağlı görülən maarifləndirmə işləri bəhrəsini versə də, yenə də təhlükəsizlik qaydalarına biganə yanaşanlar var.
Dəm qazının yaranmasının əsas səbəbləri nasaz və standartlara uyğun olmayan qaz cihazları, işlək vəziyyətdə olmayan ventilyasiya sistemi və tüstü bacalarıdır.
Odur ki, vətəndaşların mənzildə istifadə etdiyi qaz cihazları dövlət standartları və təhlükəsizlik tələblərinə cavab verməli, mütləq uyğunluq sertifikatı olmalıdır. Qaz cihazı istifadə olunan otağın, mətbəxin və ya hamamın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır. Qaz cihazından istifadə edilən qapalı yerdə mütləq şəkildə havaçəkən sistem işləməli, nəfəslik açıq saxlanılmalıdır. Hamamda ventilyasiya borusu, qapının aşağı hissəsində dəliklər olmalı, hamamı isti saxlamaq üçün bunları bağlamaq olmaz. Tüstü bacaları, ən azı, ildə iki dəfə təmizlənməli, bu məqsədlə, mənzil kommunal istismar sahələrinə və ya bacaların təmizlənməsi ilə məşğul olan xüsusi lisenziyalı özəl şirkətlərə müraciət edilməlidir.
Nazirlik bir daha vətəndaşlara xatırladır ki, dəm qazı iysizdir, hiss edilmir. Amma bundan zəhərlənmənin əlamətlərini hiss etmək olur: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq. Dəm qazından zəhərlənmiş insanı dərhal təmiz havaya çıxardılmalı, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad edilməli, təcili tibbi yardım çağırılmalıdır. Vətəndaşlardan təhlükə zamanı 112-yə zəng etmələri xahiş olunur.

Mənbə: Milli.Az

 

13 dekabr 2014
GO BACK