Təhsil naziri Mİkayıl Cabbarov imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrində 2014/2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə əmr imzalanıb.
Orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin emək, Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə bağlı Bakı şəhərində yerləşən orta ixtisas təhsili müəssisələri imtahan sessiyasını 29.12.2014-cü il tarixdən başlayaraq 3 (üç) həftə müddətinə başa çatdırmaq tapşırılıb.
Məktəblərdə imtahan qərargahı yaradılacaq, qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin edilməlidir.
İmtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək.
İmtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verilməlidir.
Mənbə: ANS PRESS