Yeni ilin gəlişilə bağlı artıq Milli Park ərazisində də yolkaların quraşdırılmasına başlanılıb. Kukla teatrı yaxınlığında parkın ən iri şam ağacı quraşdırılır. Yaxın on gün ərzində parkda ümumilikdə on şam ağacı bəzədiləcək. Hər bir yolkanın yanında bir Şaxta Baba və Qar qız olacaq. Şaxta Baba və Qar qız olmaq istəyənlər ilk növbədə Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinə müraciət edib lisenziya almalıdırlar. Yolkalar quraşdırılana qədər onların seçilmi də aparılacaq.
Bulvar idarəsinin rəis müavini Nazim Məcidov deyir ki, bulvarın yeni hissəsində də insan axını günü-gündən artır: “Ona görə də biz qərara gəldik ki, ikinci böyük ağacı orda insanların istirahəti üçün təşkil edək. Və bundan əlavə həmin ərəfədə, yəni bayram günlərində insan axınının sayı çox olduğuna görə, həm bulvar idarəsinin əməkdaşları, eləcə də bulvar ərazisində fəaliyyət göstərən bütün obyektin işçiləri gücləndirilmiş iş rejimində işləyəcəklər”.
Bu il Milli Parka üz tutanları daha çox təəcübləndirəcək yenilik Qız qalasınını qarşısında keçiriləcək “işıq şou”su olacaq. Artıq bununla bağlı quraşdırma işlərinə başlanılıb. Lazer şou dekabrın 20-dən yanvarın beşinə qədər davam edəcək. Bunun üçün xüsusi işıqlarla ərazidəki təbii ağaclar üzərində müxtəlif maraqlı animasiyalar nümayiş etdiriləcək. Yeni il axşamı təşkil olnacaq atəşfəşanlıq da əvvəlkilərdən fərqlənəcək.
Artıq yeni illə bağlı şəhərdə mağazalar bəzədilir müxtəlif yerlərdə yolkalar quraşdırılır. Fəvvarələr meydanında hündürlüyü 20 metr olan yolka quraşdırılıb. Mağazalarda isə yeni il atributları və hədiyyələri satışa çıxarılır.
Mənbə: ANS PRESS