Qadin.NET / "Regionlarda erkən nikahların qarşısının alınması istiqamətində çox ciddi iş aparılmalıdır"

"Regionlarda erkən nikahların qarşısının alınması istiqamətində çox ciddi iş aparılmalıdır"

 

"Azərbaycan regionlarında gənclərimizin zərərli vərdişlərdən yayınması və erkən nikahların qarşısının alınması istiqamətində çox ciddi şəkildə iş aparılmalıdır". 
Trend-in məlumatına görə, bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bu gün "Sağlam gənclik, sağlam gələcək" mövzusunda keçirilən forumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, regionlarda valideynlər gənc qızları ailə qurmağa vadar edirlər. Bu baxımdan, onlar arasında fiziki və mənəvi sağlamlıqla bağlı təbliğat işləri aparılmalıdır.
Gənclərin sağlamlıq məsələlərinə xüsusi önəm verilməsini vacib sayan V.Quliyev deyib ki, gənclər təşkilatları və özəl şirkətlər birlikdə gənclərin sağlamlıqlarının qorunması istiqamətində ciddi nailiyyətlər əldə etməyə çalışmalıdırlar: "Bu, mənim müşahidələrimin nəticəsidir. Bu gün ölkəmizdə aparılan sağlamlıqla bağlı tədbirlərin əksəriyyətinin müəllifi məhz gənclər təşkilatlarıdır. Fleşmoblar, aksiyalar, maarifləndirmə tədbirlərinin gənclər təşkilatları tərəfindən keçirilməsi üstünlük təşkil edir. Bu məsələlərdə Gənclər və İdman Nazirliyinin, Prezident yanında Gənclər Fondunun, QHT-lərə Dövlət Dəstəyi Şurasının da böyük rolu var. Çünki maliyyə dəstəyi olmadan bunları reallaşdıra bilməzlər".

Mənbə: Milli.Az

 

10 dekabr 2014
GO BACK