Qadin.NET / Bakıda piyadalar da yol qəzası törədirlər

Bakıda piyadalar da yol qəzası törədirlər

 

Keçid yoxdursa, təhlükəsizlik qaydalarına riayət etməklə yolu keçmək lazımdır

Bəzən piyadavurma hadisəsi baş verərkən çoxları zənn edirlər ki, günah sürücüdədir. Amma avtosfer.az-ın təqdim etdiyi bu videolara baxandan sonra əmin olacaqsınız ki, əslində, belə deyil. Bəzən piyadalar da yol qəzası törədirlər. Daha dəqiq desək, piyadalar yol qəzalarına səbəb olurlar. Necə? Bu sualın cavabını tapmaq üçün videonu diqqətlə izləyin.
Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu hadisələr yeni olmasa da, günümüzlə səsləşir. Yəni, bu gün də belə hadisələr baş verir. Səbəb budur ki, piyadalar yolu haradan gəldi keçmək istəyirlər, piyada keçidi yaddan çıxır. Bu azmış ki, özlərini göz görə-görə maşının qarşısına atırlar. Məsələn, yaşlı kişinin qəflətən yola atılması nəticəsində toqquşan avtomobillər bir yanda qaldı, bu qəzaya səbəb olan insan qaçmağa çalışdı.
Digər qəzada da eyni mənzərənin şahidi oluruq. İki piyada qəflətən yola atılır. "Jiquli"nin sürücüsü əyləci basdıqda arxadakı maşın onu vurur. Sürücü yerə normal vəziyyətdə düşsə də, qəflətən huşunu itirib yıxılır.
Əziz piyadalar! Bu videolar montaj deyil, orijinal kadrlardır. Diqqətlə baxın və özünüzü də, başqalarını da bədbəxt etməyin. Çalışın ki, piyada keçidlərindən istifadə edəsiniz. Gözlə görünən piyada keçidi varsa, vaxta görə xəsislik etmədən keçidə yaxınlaşın. Keçid yoxdursa, təhlükəsizlik qaydalarına riayət etməklə yolu keçin. Başınızı aşağı salıb qaça-qaça, telefonla danışaraq, sağa-sola baxmadan yol keçmək təhlükəlidir.
Diqqətli olun! Çünki bütün hallarda itirən yenə də piyadalar olacaq. Sürücünün uzaqbaşı maşını əziləcək, onu təmir etmək olur. Amma insan sağlamlığı, insan şüuru, insan həyatı təmir olunmur…

Mənbə: Milli.Az

 

10 dekabr 2014
GO BACK